Bakı metrosunun “Dərnəgül” elektrik deposunun tikintisinin, eyni zamanda depoda avadanlıqların təchizatı və quraşdırılması işlərinin 2028-ci ilin sonuna qədər tamamlanması nəzərdə tutulub.
Redaksiya bu barədə “Bakı Metropoliteni” QSC-dəki mənbədən məlumat əldə edib.
Bu çərçivədə təxminən 165 kvadrat metr sahədə tikinti ərazisinin hazırlanması və torpaq işlərinin aparılması, ümumi qapalı sahəsi təxminən 19 500 kvadratmetr olan emalatxana, texniki xidmət, əsaslı təmir, inzibati və yardımçı binaların tikintisi, depodaxili dəmir yolu xətlərinin, yol dəyişdiricilərinin və texniki baxış qurğularının quraşdırılması, dartı elektrik yarımstansiyasının və elektromexaniki sistemlərin qurulması, mexaniki, elektrik, su təchizatı və kanalizasiya sistemlərinin quraşdırılması, bunlarla əlaqəli bütün mülki tikinti və infrastruktur işlərinin yerinə yetirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, “Dərnəgül” elektrik deposunun inşasına 2025-ci ilin aprel-may aylarında başlanılıb. Bu ilin avqust ayında artıq deponun inşasının ikinci mərhələsi üzrə işlər başa çatdırılıb və depoya ilk qatar daxil olub. Layihə “Bakı Metropoliteni”nin fəaliyyətinin təkmilləşdirilməsi və qatarların texniki xidmət imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. “Dərnəgül” deposunun istismara verilməsi metroda “Yaşıl” və “Qırmızı” xətlərin ayrılması layihəsinin tərkib hissəsi kimi, metropolitendə xidmət keyfiyyətinin artırılması, sıxlıq və intervalların azaldılmasında əhəmiyyətə malikdir.
Plat.az


