Hər bir xalqın gələcəyi onun yetişdirdiyi gənc nəslin dünyagörüşündən, biliyindən və mənəvi dəyərlərindən asılıdır. Bu mənada müəllim yalnız şagirdə bilik verən şəxs deyil, həm də onun şəxsiyyət kimi formalaşmasında, həyata hazırlanmasında və gələcəyə istiqamət almasında mühüm rol oynayan böyük bir missiyanın daşıyıcısıdır.
5 oktyabr dünyada Beynəlxalq Müəllimlər Günü kimi qeyd olunur. 1994-cü ildən etibarən qeyd edilən bu əlamətdar gün müəllim əməyinə verilən dəyəri ifadə etməklə yanaşı, təhsilin və maarifçiliyin cəmiyyətin inkişafındakı əhəmiyyətini bir daha diqqətə çatdırır.
Müəllimlik ən qədim və ən şərəfli peşələrdən biridir. Alim, həkim, mühəndis, hüquqşünas və digər peşə sahiblərinin yetişməsində müəllim əməyinin mühüm rolu vardır. Müəllim yalnız bilik öyrətmir, həm də şagirdlərdə müstəqil düşünmə, məsuliyyət, düzgün qərarvermə və milli-mənəvi dəyərlərə bağlılıq kimi keyfiyyətləri formalaşdırır.
Ulu öndər Heydər Əliyev də müəllim əməyinin əhəmiyyətini yüksək qiymətləndirərək deyib:
“Müəllimlik sənəti çox şərəfli bir sənətdir. Müəllim gənc nəslin tərbiyə olunmasında, onların həyata hazırlanmasında çox böyük rol oynayır.”
Bu gün Azərbaycan müəllimləri gənc nəslin bilik və bacarıqlarının inkişafı, müasir dünyagörüşlü və cəmiyyətə faydalı şəxsiyyətlərin yetişdirilməsi istiqamətində mühüm fəaliyyət göstərirlər. Rəqəmsal texnologiyaların və süni intellektin sürətlə inkişaf etdiyi müasir dövrdə müəllimlərin üzərinə yeni vəzifələr düşür. Artıq müəllim yalnız bilik ötürən deyil, həm də şagirdlərə araşdırmağı, tənqidi düşünməyi və əldə etdikləri məlumatları düzgün qiymətləndirməyi öyrədən bələdçidir.
Bu dəyişikliklər müəllimlərin davamlı peşəkar inkişafını, müasir təlim imkanlarına çıxışını və təcrübə mübadiləsini daha da aktuallaşdırır. Müəllimə verilən dəyər yalnız bayram təbrikləri ilə deyil, onun əməyinin qiymətləndirilməsi, rifahının qorunması, sağlam iş mühitinin yaradılması və inkişafına dəstək göstərilməsi ilə ölçülür. Çünki müəllimin motivasiyası və peşə məmnunluğu təhsilin keyfiyyətinə birbaşa təsir edən mühüm amillərdəndir.
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası olaraq hesab edirik ki, gənc müəllimlərin potensialının üzə çıxarılması, peşəkar inkişafının dəstəklənməsi, innovativ təşəbbüslərinin təşviqi və əməkdaşlıq imkanlarının genişləndirilməsi gələcəyin təhsilinə qoyulan mühüm sərmayədir. Müəllimlərin bir-birindən öyrəndiyi, təcrübələrini bölüşdüyü və yeniliklərə açıq olduğu mühit təhsilin davamlı inkişafına töhfə verir.
Müəllim əməyinin nəticəsi yalnız qiymətlərdə və diplomlarda deyil, yetişdirdiyi insanların cəmiyyətə verdiyi töhfələrdə özünü göstərir. Müəllimə göstərilən hörmət əslində elmə, biliyə və gələcəyə göstərilən hörmətdir. Müəllimin inkişafına və peşə nüfuzuna göstərilən diqqət isə gələcək nəsillərin inkişafına yönəlmiş mühüm addımdır.
Müəllimlər Günü münasibətilə bütün müəllimləri və təhsil işçilərini təbrik edir, onlara möhkəm cansağlığı, tükənməz enerji və peşə fəaliyyətlərində uğurlar arzulayırıq.
Müəllimə verilən dəyər gələcəyə verilən dəyərdir!
Fidan Quluzadə
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının PR meneceri


