İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “The Coca-Cola Company” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə İİTKM-in icraçı direktoru Vüsal Qasımlı Mərkəzin fəaliyyəti, həyata keçirdiyi layihələr, iqtisadi islahatların təhlili, monitorinq və qiymətləndirmə, eləcə də kommunikasiya istiqamətində görülən işlər barədə məlumat verib. O, dövlət və özəl sektor arasında səmərəli dialoqun iqtisadi inkişafın və investisiya fəallığının dəstəklənməsi baxımından əhəmiyyətini qeyd edib.
“The Coca-Cola Company”nin Mərkəzi Asiya və Qafqaz üzrə ictimaiyyətlə əlaqələr, kommunikasiya və dayanıqlılıq məsələləri üzrə baş meneceri Aleksandra Akkirman şirkətin regiondakı fəaliyyəti, dayanıqlı inkişaf yanaşması və korporativ kommunikasiya sahəsində təcrübəsi barədə danışıb.
Görüş zamanı “The Coca-Cola Company” şirkətinin Azərbaycandakı fəaliyyəti, həyata keçirdiyi investisiyalar və yeni iş yerlərinin yaradılmasına töhfəsi barədə fikir mübadiləsi aparılıb. Şirkətin İsmayıllıda yaratdığı yeni istehsal müəssisəsinin regionların iqtisadi inkişafı, yerli məşğulluğun dəstəklənməsi və istehsal potensialının genişləndirilməsi baxımından əhəmiyyəti qeyd olunub. Eyni zamanda Azərbaycanda mövcud investisiya imkanları və biznes mühitinin xarici investorlar üçün yaratdığı perspektivlər müzakirə edilib.
Tərəflər həmçinin özəl sektorun iqtisadi proseslərdə rolu, dayanıqlı inkişaf, korporativ sosial məsuliyyət və effektiv kommunikasiya məsələləri ətrafında fikir mübadiləsi aparıb, qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər.
Görüşdə “The Coca-Cola Company”nin Azərbaycan üzrə françayzinq direktoru Nərmin Mustafayeva, “Coca-Cola İçecek” Azerbaijan-ın İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin rəhbəri Türkan Manaflı, “PreMark PR and Communication Company”nin təsisçisi Azər Nəzərov, İİTKM-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zənurə Talıbova və “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov iştirak ediblər.




