2–3 oktyabr 2026-cı il tarixlərində Özbəkistanın Daşkənd şəhərində Beynəlxalq Oftalmoloji Konqresi keçirilib.
Göz mikrocərrahiyyəsi və oftalmologiyanın aktual məsələlərinə həsr olunan konqres müxtəlif ölkələrdən alim və mütəxəssisləri bir araya gətirib. Tədbirin əsas məqsədi elmi bilik və təcrübə mübadiləsi, oftalmologiyada müasir yanaşmaların müzakirəsi və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi olub.
Konqresdə 20-yə yaxın ölkəni təmsil edən 1700-dən çox iştirakçı yer alıb.
Tədbirdə Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin üzvləri də fəal iştirak ediblər. Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədr müavini, tibb elmləri doktoru Yazgül Abdıyeva konqresdə moderator qismində iştirak edib.
Dr. Leyda Kazımova isə “Retinopatiya ilə doğulmuş uşaqlarda optik koherent tomoqrafiya (OKT) müayinəsi əsasında torlu qişanın struktur dəyişikliklərinin uzunmüddətli müşahidəsi” mövzusunda məruzə ilə çıxış edib və moderator qismində iştirak etmişdir.
Konqresdə Azərbaycanı təmsil edən digər mütəxəssislər sırasında Prof. Sevinc Əsgərova, t.ü.f.d. Sevinc Orucova, Dr. Şəfaqət İmranova, Dr. Nurməmməd Nuriyev, Dr. Nigar Kərimova, Dr. Emin Ərəbov və Dr. Ülviyyə Məmmədova iştirak ediblər.
Azərbaycan oftalmoloqlarının beynəlxalq elmi tədbirdə iştirakı ölkəmizdə oftalmologiya sahəsində əldə olunan elmi və praktiki təcrübənin beynəlxalq platformada təqdim olunması, həmçinin xarici həmkarlarla əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli olub.







