Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən Azərbaycanın iqtisadi inkişaf strategiyası hazırda Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən yaradıcılıqla və uğurla inkişaf etdirilir.
XX əsrin sonlarında müstəqilliyini bərpa edən Azərbaycanın qarşısında bazar iqtisadiyyatına keçid və dünya iqtisadi sisteminə səmərəli inteqrasiya olunmaqla milli iqtisadiyyatı formalaşdırmaq və inkişaf etdirmək kimi strateji vəzifələr dururdu. Müstəqilliyinin ilk illərində naşı, xəyanətkar hakimiyyətin əməlləri nəticəsində hərtərəfli məhvə məhkum edilmiş Azərbaycan Ulu Öndərin ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra bərpa və inkişaf dövrünə qədəm qoydu. Ulu Öndər1993-2003-cü illərdə Azərbaycanın milli iqtisadi inkişafının formalaşmasının uğurlu və perspektiv inkişafına istiqamətlənmiş keçid modelinin əsaslarını müəyyənləşdirmiş və bu modelin həyata keçirilməsini təmin edən islahat-inkişaf xarakterli dövlət proqramlarının, inkişaf strategiyalarının, layihələrin işlənilməsinə və reallaşdırılmasına xüsusi əhəmiyyət vermişdir.
Bu illərdə Azərbaycanda milli iqtisadiyyatın inkişafı sahəsində həyata keçirilən tədbirlər göstərir ki, müstəqilliyin ilk illərində aparılan iqtisadi, siyasi, institusional islahatlar ölkə iqtisadiyyatının perspektiv inkişafı üçün güclü zəmin, əsas yaratmış, bütün bunlar davamlı və planlı xarakter almışdır. Müstəqilliyin ilk illərində ölkəmizin investisiya imkanlarının məhdud olduğunu nəzərə alaraq Ulu Öndər xüsusi qeyd edirdi ki, Azərbaycanda iqtisadiyyatın o sahələrinin inkişafı təmin edilməlidir ki, ilkin olaraq bu istiqamətlər ölkənin iqtisadi-siyasi müstəqilliyini qorumağa və xalqın zəruri tələbatlarını mümkün qədər təmin etməyə imkan versin və bu sahələrin üstün inkişafı nəticəsində yaranmış gəlirlər ölkənin sosial-iqtisadi inkişafının aparıcı qüvvəsinə çevrilsin. Bu illərdə Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə Azərbaycanın bir müstəqil dövlət kimi formalaşdırılması və inkişafı ilə bağlı iqtisadiyyatın bütün sahələrində həyata keçirilən çoxşaxəli islahatlar, inkişafa yönəlmiş tədbirlər Ulu Öndərin böyük təcrübəyə, biliyə, analitik düşüncəyə və uzaqgörən iqtisadi strategiyaya malik bir şəxsiyyət olduğunu göstərdi.
Müstəqilliyin ilk illərində Ulu Öndərin iqtisadi strategiyasının bir sıra məqamlarını nəzərdən keçirərkən bu illərdə Azərbaycanın necə böyük, sərt, riskli, ziddiyyətli və mürəkkəb proseslərlə üzləşdiyini görürük. Ancaq hazırda bu dövrdə hadisələrin necə düzgün müəyyənləşdirilib qiymətləndirildiyini, uzaqgörənliklə qərarlar verildiyini və ən mühümü isə bu qərarların perspektivdə həyata keçiriləcək proseslərə mənfi təsir göstərmədən məharətlə, cəsarətlə, məntiqi ardıcıllıqla həll edildiyi müəyyən edilir. Bu tədbirlər ölkəmizin bir dövlət kimi mövcudluğunun şübhə altında olduğu gərgin və mürəkkəb bir şəraitdə – 1993-cü ilin iyun ayının 15-də Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıtması və onun apardığı dərin məzmunlu, məqsədyönlü və səmərəli işlər nəticəsində mümkün olmuşdur. Ulu Öndərin müəllifi olduğu “Yeni Neft strategiyasının” müvəffəqiyyətlə həyata keçirilməsi nəticəsində Azərbaycanın neft-qaz layihələrinə beynəlxalq neft korporasiyalarının, xarici, işgüzar dairələrin böyük həcmli investisiyalarının respublika iqtisadiyyatına cəlb edilməsi mümkün olmuşdur.
Bütün bunların nəticəsidir ki, hazırda müasir Azərbaycan dünyada iqtisadi, siyasi, hərbi cəhətdən qüdrətli ölkə kimi tanınır. Belə ki, Ulu Öndərin əsasını qoyduğu dövlət strategiyası onun layiqli davamçısı, Möhtərəm Prezident İlham Əliyev tərəfindən layiqincə davam və inkişaf etdirilir. İndi dünya Azərbaycanı həm də etibarlı tərəfdaş kimi qəbul edir. Ölkəmiz yerləşdiyi regionda əsas söz sahibi ölkədir. Azərbaycan güclü iqtisadiyyatı sayəsində artıq investisiya yatıran, layihələr reallaşdıran ölkəyə çevrilib. Bütün bunlar isə Ölkə vətəndaşlarının layiqli həyat tərzinin formalaşmasına xidmət edir.
Zeynalabdin Abbasov;
Neftçala rayon gənci, Vətən Müharibəsi iştirakçısı


