Bu gün Azərbaycan öz milli maraqlarını qorumaqla yanaşı, sülhün təmin olunmasına da xüsusi əhəmiyyət verir.
Möhtərəm Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirdiyi fikirlər Azərbaycanın Zəfərdən sonrakı inkişaf mərhələsinin xüsusiyyətlərini aydın şəkildə ortaya qoyur. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi ölkənin siyasi tarixində yeni mərhələnin başlanğıcı kimi təqdim edilir. Bu mərhələnin əsas xüsusiyyətlərindən biri hərbi qələbənin siyasi və diplomatik nəticələrlə tamamlanmasıdır.
Cənab Prezidentin çıxışında qeyd olunan yanaşmaya əsasən, Azərbaycan öz milli maraqlarını qorumaqla yanaşı, sülhün təmin olunmasına da xüsusi əhəmiyyət verir. Bu baxımdan, sülh anlayışı zəiflik deyil, əldə edilmiş nəticələrin qorunmasına xidmət edən strateji seçim kimi qiymətləndirilə bilər. Azərbaycanın münaqişədən sonrakı dövrdə Ermənistanla münasibətlərdə yeni səhifə açmağa çalışması da bu siyasətin tərkib hissəsidir. Bununla belə, Prezidentin fikirlərində təhlükəsizlik məsələsinin daim diqqətdə saxlanılmasının zəruriliyi vurğulanır. Dünyada müharibələrin və qarşıdurmaların artması dövlətlərin müdafiə imkanlarını gücləndirməsini zəruri edən əsas amillərdən biridir. Azərbaycan üçün də güclü ordu milli təhlükəsizliyin başlıca təminatlarından biri kimi nəzərdən keçirilir. Güclü hərbi potensialın əsas məqsədi yalnız müharibə aparmaq deyil, həm də mümkün təxribatların qarşısını almaqdır. Bu mənada, müdafiə qabiliyyəti sülh siyasətinin mühüm dayaqlarından biri kimi çıxış edir. Azərbaycanın təhlükəsizliyinin yalnız hərbi amillərlə məhdudlaşmadığı da Prezidentin çıxışında xüsusi şəkildə vurğulanır. İdeoloji və informasiya təhlükəsizliyi müasir dövrdə milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrilib. İnternet, kiberməkan və süni intellektin geniş yayılması informasiya təsirlərinin sərhədlərdən asılılığını əhəmiyyətli dərəcədə azaldır. Bu səbəbdən, cəmiyyətin savadlılığı və informasiya immunitetinin gücləndirilməsi dövlət siyasətinin vacib istiqamətlərindən biri kimi meydana çıxır. Təhsil və vətənpərvərlik ideoloji təhlükəsizliyin möhkəmləndirilməsinin əsas vasitələri sırasında göstərilir. Xarici siyasətin müstəqil şəkildə həyata keçirilməsi də Azərbaycanın təhlükəsizlik konsepsiyasının mühüm elementidir. Azərbaycan müxtəlif siyasi və iqtisadi mərkəzlərlə münasibətlər qurmaqla öz milli maraqlarını qorumağa çalışır. Ölkə başçısın çıxışında Azərbaycanın Çin və ABŞ kimi böyük dövlətlərlə strateji tərəfdaşlıq münasibətlərinin inkişaf etdirməsi ölkənin beynəlxalq mövqeyinin göstəricisi kimi təqdim olunur. Bu münasibətlər Azərbaycanın qlobal siyasi və iqtisadi proseslərdə fəal iştirak imkanlarını genişləndirir. Azərbaycanın İslam dünyasında birləşdirici rolunun gücləndirilməsi də xarici siyasətin mühüm istiqamətlərindən biri kimi diqqətə çatdırılır. D-8-ə üzvlük və İslam Əməkdaşlıq Təşkilatı ilə sıx əlaqələr Azərbaycanın müsəlman dövlətləri ilə əməkdaşlıq imkanlarının genişliyini nümayiş etdirir. Eyni zamanda, Azərbaycanın müxtəlif tərəflər arasında dialoq və əməkdaşlıq üçün platformaya çevrilməsi onun beynəlxalq etimadının artmasına işarə edir. Belə bir diplomatik mövqe ölkənin regional sabitliyə töhfəsini də artırır. Zəfərdən sonrakı dövrdə Azərbaycanın əsas məqsədlərindən biri əldə edilmiş siyasi nəticələri davamlı sülh və təhlükəsizlik sisteminə çevirməkdir. Nəticə olaraq, cənab İlham Əliyevin fikirləri göstərir ki, Azərbaycanın gələcək strategiyasında güclü müdafiə, müstəqil xarici siyasət və sülh təşəbbüsləri bir-birini tamamlayan istiqamətlər kimi nəzərdən keçirilir.
Anar Güllərli
Neftçala rayonu


