Oktyabrın 2-də Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayı keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tədbirdə iştirak edərək nitq söyləyib.
Prezident İlham Əliyev çıxışında Yeni Azərbaycan Partiyasının VIII Qurultayının ölkənin ictimai-siyasi həyatında mühüm hadisə olduğunu bildirib. Dövlət başçısı qeyd edib ki,
partiyanın fəaliyyəti, qəbul etdiyi qərarlar və siyasi xətti Azərbaycanla yanaşı, region üçün də böyük əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir və 30 ildən artıqdır ki, ölkədə iqtidar partiyası kimi fəaliyyət göstərir.
Prezident İlham Əliyev qurultayın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra keçirilən ilk qurultay olduğunu vurğulayıb. O, İkinci Qarabağ müharibəsində qazanılmış Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa edilməsinin ölkənin tarixində mühüm mərhələ olduğunu bildirib. Dövlət başçısı qeyd edib ki, Azərbaycan bu prosesdə ciddi təzyiqlərlə və ölkəyə qarşı aparılan müxtəlif kampaniyalarla üzləşsə də, xalqın vahid mövqeyi və dövlətin qətiyyətli siyasəti bütün bəd niyyətləri alt-üst edib.
Prezident çıxışında Azərbaycanın qazandığı hərbi-siyasi Zəfərlərin regionda yeni reallıqlar yaratdığını diqqətə çatdırıb. O bildirib ki, Azərbaycan 30 il ərzində üzləşdiyi riyakarlığa və müxtəlif təzyiqlərə baxmayaraq, öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Dövlət başçısı bu nəticənin Azərbaycan xalqının birliyi və dövlətin məqsədyönlü siyasəti sayəsində əldə olunduğunu vurğulayıb.
İlham Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasının Azərbaycanın sonrakı uğurlarında mühüm rol oynadığını qeyd edib. Bildirib ki, 1992-ci ilin noyabrında Naxçıvanda keçirilmiş YAP-ın təsis qurultayı Azərbaycan cəmiyyətinin tələbi idi və ölkənin gələcək inkişafına, eləcə də qələbələrə gedən yola mühüm zəmin yaradıb. Prezident Ulu Öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışının xalqın tələbi olduğunu vurğulayaraq, onun rəhbərliyi ilə Azərbaycanın ağır vəziyyətdən çıxarıldığını, dövlətçiliyin əsaslarının möhkəmləndirildiyini və ölkənin beynəlxalq təcriddən çıxdığını bildirib.
Dövlət başçısı Ulu Öndərin siyasi xəttinin dəyişməz olaraq qaldığını vurğulayıb. Onun sözlərinə görə, bu xəttin əsas istiqamətlərini müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və ölkənin öz imkanlarından maksimum istifadə etməsi təşkil edir. Prezident İlham Əliyev bu siyasətin 2003-cü ildən etibarən davam etdirildiyini və Azərbaycanın beynəlxalq müstəvidə böyük hörmətə layiq ölkəyə çevrildiyini bildirib.
Çıxışında qarşıda duran əsas vəzifələrə də toxunan Prezident İlham Əliyev hərbi gücün artırılmasının prioritet istiqamətlərdən biri olduğunu bildirib. O qeyd edib ki, Azərbaycan Ermənistanla münaqişənin olmadığı, sərhədlərdə sakitliyin hökm sürdüyü yeni reallıq şəraitində yaşayır. Bununla belə, dövlət başçısı dünyada və regionda gedən proseslərin ölkənin təhlükəsizliyinə daim diqqət yetirilməsini zəruri etdiyini vurğulayıb.Prezident Azərbaycanın bu gün təhlükəsizlik, əmin-amanlıq və sabitlik şəraitində yaşadığını bildirib. O, fiziki təhlükəsizliklə yanaşı, ideoloji təhlükəsizliyin də mühüm əhəmiyyət daşıdığını qeyd edib. Dövlət başçısı xüsusilə təhsil və vətənpərvərliyin ideoloji təxribatlara qarşı mübarizədə əsas amillər olduğunu vurğulayıb.
İlham Əliyev xarici siyasətin də qarşıdakı dövrdə əsas istiqamətlərdən biri olaraq qalacağını bildirib. Dövlət başçısı Azərbaycanın müstəqil siyasət həyata keçirdiyini, müxtəlif beynəlxalq platformalarda fəal iştirak etdiyini və bir çox ölkələrlə qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlər qurduğunu diqqətə çatdırıb. O, Azərbaycanın İslam həmrəyliyinin gücləndirilməsində birləşdirici rol oynadığını da qeyd edib.
Prezident çıxışında sosial-iqtisadi məsələlərə də toxunaraq bildirib ki, gələn il minimum əməkhaqqı, pensiyalar və sosial müavinətlər artırılacaq. O, ölkədə iqtisadi və maliyyə sabitliyinin təmin edildiyini, investisiya layihələrinin genişləndirildiyini və Azərbaycanın valyuta ehtiyatlarının artdığını diqqətə çatdırıb. Dövlət başçısı Azərbaycanın enerji və nəqliyyat sahələrində artan rolundan danışıb. O qeyd edib ki, Azərbaycan müxtəlif enerji resurslarını istehsal, hasil və ixrac edən nadir ölkələrdəndir. Eyni zamanda, ölkənin tranzit imkanlarının genişləndirilməsi istiqamətində mühüm işlərin görüldüyünü, Orta Dəhliz və Şimal-Cənub Dəhlizinin cəlbediciliyinin artırıldığını bildirib. Qarabağ və Şərqi Zəngəzurun bərpasının qarşıda duran əsas vəzifələrdən biri olduğunu vurğulayıb. Bildirib ki, bu bölgələrin inkişafına indiyədək 28 milyard manat vəsait ayrılıb, 48 yaşayış məntəqəsində keçmiş məcburi köçkünlərin məskunlaşması təmin edilib. Dövlət başçısı bundan sonrakı illərdə “Böyük Qayıdış” prosesinin daha da sürətlə gedəcəyini bildirib.
Prezident İlham Əliyev çıxışının sonunda Yeni Azərbaycan Partiyasının fəallarının və bütün üzvlərinin qarşıda duran tarixi vəzifələrin icrasında fəal iştirak edəcəyinə əminliyini ifadə edib və partiyaya yeni qələbələr arzulayıb.


