VIII Qurultaydan keçən iki gün sübut edir ki, siyasi xəttə sədaqət və zamanın tələblərinə uyğun yenilənmək siyasi davamlılığın ən mühüm şərtlərindəndir.
VIII Qurultayda qəbul edilən Nizamnamə ilə bağlı düşüncələrimi məhz bu baxımdan Sizinlə bölüşürəm…
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin və partiyamızın həyatında müstəsna əhəmiyyətə malik tarixi bir mərhələyə təsadüf edir. İndi biz artıq başqa bir tarixi reallığın içərisindəyik. Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmək yolunda əldə etdiyi Böyük Zəfərdən sonra dövlətimiz, cəmiyyətimiz və siyasi institutlarımız qarşısında keyfiyyətcə yeni vəzifələr, qlobal gözləntilər və tarixi məsuliyyətlər yaranmışdır. Həmçinin bu Qələbə dövlətimizin siyasi, iqtisadi, hərbi və diplomatik gücünü elə bir zirvəyə ucaldıb ki, ölkəmiz regionda tamamilə yeni reallıqlar formalaşdıran əsas qlobal aktora çevrilib.
Belə möhtəşəm tarixi şəraitdə YAP-ın VIII Qurultayına təqdim edilən Nizamnamə layihəsi partiyanın fəaliyyətinin hüquqi və təşkilati çərçivəsini müəyyənləşdirən mühüm siyasi-hüquqi sənəd kimi qiymətləndirilir.
Təqdim olunmuş yeni Nizamnamənin fəlsəfəsini tarixi siyasi irsimizi qorumaqla, onun üzərində müasir, çevik, məsuliyyətli və hüquqi baxımdan daha dəqiq tənzimlənmiş partiya quruculuğunu təmin etmək təşkil edir.
– Yenilənmiş Nizamnamənin hazırlanmasının ilk mühüm əsaslarından biri onun yeni “Siyasi partiyalar haqqında” Qanunun tələblərinı və digər qanunvericilik aktlarına dərindən uyğunlaşdırılmasıdır. Yeni layihədə bu hüquqi tələblər partiyanın real fəaliyyət mexanizmləri ilə əlaqələndirilir, idarəetmə prosedurları və səlahiyyətlər daha dəqiq müəyyən olunur və məsuliyyət mexanizmləri konkretləşdirilir.
Yerli təşkilatların fəaliyyətinin daha aydın hüquqi və təşkilati çərçivəyə salınması idarəetmədə səlahiyyət və məsuliyyət bölgüsünü daha dəqiq çərçivələndirir. Bu isə YAP kimi böyük siyasi təşkilatda hər bir struktur səviyyəsinin funksiyasının dəqiq müəyyənləşdirilməsi qərarların icrasının səmərəliliyinə, daxili intizamın möhkəmlənməsinə və partiyanın cəmiyyətlə əlaqələrinin daha çevik qurulmasına xidmət edir.
– Elektron reyestrin tətbiqi və rəqəmsal imkanlardan istifadə dəqiqlik, operativlik, şəffaflıq və müasir kommunikasiya imkanları isə keyfiyyətli idarəetmə deməkdir. Maliyyə hesabatlılığının gücləndirilməsi, audit mexanizminin tətbiqi və müvafiq hesabatların qanunvericiliyin tələblərinə uyğun təqdim olunması partiyanın maliyyə fəaliyyətində şəffaflığın və hesabatlılığın institusional əsaslarını möhkəmləndirir.
Bu, YAP-ın fəaliyyətibdə hər zaman olduğu kimi, yeni və daha məsuliyyətli hazırkı dönəm üçün də cəmiyyət qarşısında məsuliyyətinin mühüm göstəricisi kimi çıxış edir, partiyadaxili intizamı və ictimai etimadı yeni səviyyəyə qaldırır. Çünki siyasi təşkilatın ictimai etimadı yalnız onun siyasi mövqeyi ilə deyil, həm də öz fəaliyyətində açıqlıq, məsuliyyət və qanunçuluq prinsiplərinə necə əməl etməsi ilə ölçülür.
– Yenilənmiş Nizamnamənin mühüm istiqamətlərindən biri də partiyadaxili münasibətlərin daha aydın hüquqi çərçivəyə salınmasıdır. Partiya üzvünün hüquq və vəzifələrinin dəqiq müəyyənləşdirilməsi, qərarların qəbulunda səlahiyyətlərin bölüşdürülməsi, müraciət və şikayət mexanizmlərinin tənzimlənməsi daxili siyasi mədəniyyətin inkişafına xidmət edir. Bu, həm də partiya üzvünün hüquqi və təşkilati statusunun daha aydın müəyyən olunması deməkdir. Odur ki, yüzminlərlə insanı birləşdirən siyasi partiya və onun üzvü arasında münasibətlər əmənəvi olaraq YAP ın Nizamnamə sənədlərində özünün davamlı şəkildə təkmilləşdirilən formasında olduğu kimi – qarşılıqlı məsuliyyətə əsaslanır.
- Nizamnamədə əksini tapan ən mühüm istiqamətlərdən biri, şübhəsiz ki, Partiya Sədrinin statusu və rəhbərlik institutudur. Bu məsələyə yalnız təşkilati prosedur kimi yanaşmaq doğru olmazdı. Çünki siyasi partiyanın rəhbərliyi onun fəaliyyət istiqamətinin, siyasi xəttinin və strateji məqsədlərinin həyata keçirilməsində müəyyənedici amildir. Yeni Azərbaycan Partiyasının son illərdə keçdiyi yol bu baxımdan olduqca aydın siyasi nəticələr ortaya qoyur. Azərbaycanın bugünkü uğurlarının, dövlətimizin qüdrətinin artmasının, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasının arxasında cənab İlham Əliyevin uzun illər ərzində həyata keçirdiyi ardıcıl, məqsədyönlü və qətiyyətli siyasət dayanır. Eyni siyasi iradə YAP-ın fəaliyyətinə də yeni məzmun qazandırmaqdadır. Partiya təşkilati baxımdan yenilənir, cəmiyyətin müxtəlif təbəqələri ilə əlaqələrini genişləndirir, yeni nəsillərin siyasi proseslərə cəlb olunması istiqamətində imkanlarını artırır. Daha mühümü isə budur ki, YAP öz Sədrinin rəhbərliyi ilə Azərbaycanın ən böyük siyasi nailiyyətlərinin qazanılması prosesinin canlı iştirakçısıdır.
Odur ki, bizim üçün partiyanın siyasi xəttinin ardıcıllığı məsələsinin mütləq şəkildə dövlətçilik kursunun davamlılığı və əldə edilmiş tarixi nəticələrin gələcək inkişaf strategiyası ilə əlaqələndirilməsi çox mühümdür. Azərbaycanın Zəfərinin memarı, dövlətimizin bugünkü qüdrətinin əsas siyasi müəllifi olan cənab İlham Əliyevin YAP-ın gələcək fəaliyyətinə rəhbərlik etməsi üçün formalaşmış siyasi etimad və tarixi legitimlik, partiyanın sabitliyi və inkişafı üçün mühüm təminatdır. Məhz buna görə Nizamnamənin rəhbərlik institutunu tənzimləyən müddəaları yalnız bu günün təşkilati ehtiyaclarını deyil, partiyanın gələcək siyasi fəaliyyətinin davamlılığının təmin edilməsini də nəzərə alır. Nəticədə güclü rəhbərlik institutu ilə çevik və müasir təşkilati idarəetmənin vəhdəti partiyanın uzunmüddətli inkişafının əsas təminatçısına çevrilir.
Deməli biz bir tərəfdən siyasi xəttin ardıcıllığını qoruyur, digər tərəfdən isə həmin siyasi xəttin həyata keçirilməsi mexanizmlərini zamanın tələblərinə uyğun yeniləyirik. Məncə, yeni Nizamnamənin əsas fəlsəfəsini də məhz bu vəhdət təşkil edir.
- Yeni dövrdə və cənab İlham Əliyevin hər zaman partiyanın qarşısına qoyduğu ali hədəflər işığında partiyanın qarşısında duran əsas vəzifələrdən biri də cəmiyyətlə siyasi dialoqun, ictimai-siyasi həmrəyliyin daha da inkişaf etdirilməsidir. Azərbaycan artıq yeni sosial, iqtisadi və demoqrafik reallıqların formalaşdığı mərhələdədir. İnsan kapitalının inkişafına yönəlmiş dövlət siyasətinin mərkəzində yüksək mənəviyyata sahib olan, milli köklərə bağlı vətəndaş dayanır. Gənclərin dünyagörüşü dəyişir, rəqəmsal mühit genişlənir, ictimai münasibətlər yeni məzmun qazanır. Bu prosesdə milli və ailə dəyərlərinin qorunması, təbliği və inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyasət xüsusi çəkiyə malikdir. Belə ki, ailə institutunun möhkəmliyi və milli-mənəvi dəyərlərimiz cəmiyyətimizin dayanıqlılığının əsas təməlidir. YAP hər zaman bu dəyərlərin qoruyucusu kimi cəmiyyətə örnək fəaliyyət sərgiləyir, bir siyasi təşkilat kimi dəyişən cəmiyyətin ritminə uyğun fəaliyyət göstərir.
-Bu mənada yeni Nizamnamə partiyanın geniş üzv potensialından mədəni və sosial sahələrdə də daha səmərəli istifadə etmək, gənclərin və qadınların ictimai-siyasi fəallığını artırmaq, veteranların zəngin təcrübəsini yeni nəsillərə ötürmək, yerli təşkilatların cəmiyyətlə əlaqələrini daha da gücləndirmək baxımından mühüm imkanlar təqdim edir. Beləliklə, yenilənmiş Nizamnamə bir tərəfdən YAP-ın fəaliyyətini qanunvericiliyin müasir tələblərinə, digər tərəfdən isə partiyanın təşkilati imkanlarını yeni siyasi mərhələnin vəzifələrinə uyğunlaşdırır. Bu sənədin əhəmiyyəti həm də onun keçmişlə gələcək arasında hüquqi və siyasi körpü rolunda özünü göstərir. Ulu Öndər Heydər Əliyevin yaratdığı siyasi məktəbin əsas dəyərləri qorunur, lakin həmin dəyərlərin müasir dövrdə həyata keçirilməsi üçün yeni idarəetmə mexanizmləri formalaşdırılır və partiyanın tarixi missiyasını davam etdirmə imkanları genişlənir.
İndi bizim qarşımızda duran vəzifələr həm miqyasına, həm də mahiyyətinə görə daha böyük və qlobal xarakter daşıyır. Qarabağın və Şərqi Zəngəzurun bərpası, Böyük Qayıdış proqramının uğurlu icrası, insan kapitalının inkişafı, Türk dünyası ilə inteqrasiya əlaqələrinin dərinləşdirilməsi və ölkəmizin beynəlxalq nüfuzunun artırılması bizdən fasiləsiz və davamlı fəaliyyət tələb edir.
Cənab Prezident İlham Əliyevin qurultaydakı çıxışında və ümumən dövlətçilik strategiyasında qarşıya qoyduğu bu fundamental hədəflərə doğru fəaliyyətində YAP cəmiyyətin avanqard qüvvəsi olaraq yeni imkanlar və geniş çərçivələr qazanır. Yeni Nizamnamə məhz bu siyasi, iqtisadi, sosial və mədəni vəzifələrin icrası üçün zəruri olan möhkəm institusional mühiti yaradır.
İqtisadi- siyasi modernləşmə fonunda sosial-mədəni sahələrdə aparılan işlərin də dəstəklənməsi, cəmiyyətdə sağlam dəyərlər sisteminin möhkəmləndirilməsi partiyanın ictimai missiyasının tərkib hissələrindəndir.Həmçinin Siyasi sabitliyin qorunması, digər ictimai-siyasi birliklərlə sağlam əməkdaşlıq və xarici əlaqələrin milli maraqlar çərçivəsində inkişaf etdirilməsi YAP-ın açıq siyasi dialoq prinsiplərinə sadiqliyini bir daha nümayiş etdirir.
Əminəm ki, bu gün hamılıqla qəbul etdiyimiz yeni Nizamnamə YAP-ın siyasi həyatında mühüm mərhələnin başlanğıcını qoymaqla, qanunvericiliyin tələblərinə uyğunluğu ilə hüquqi dayanıqlığı, dəqiqləşdirilmiş prosedurları ilə təşkilati səmərəliliyi, şəffaflıq və hesabatlılıq mexanizmləri ilə ictimai etimadı, rəhbərlik və idarəetmə prinsipləri ilə isə siyasi davamlılığı daha möhkəm təmin edəcəkdir. Ən başlıcası isə bu Nizamnamə qalib Azərbaycanın yeni inkişaf mərhələsində Yeni Azərbaycan Partiyasının qarşısında duran vəzifələrin həyata keçirilməsi üçün daha müasir və çevik təşkilati və hüquqi əsaslar yaradacaqdır.
Nizamnamənin hüquqi yenilikləri qədər onun arxasında dayanan dərin siyasi məna da mühüm əhəmiyyət kəsb edir. Biz böyük bir siyasi yolun davamçılarıyıq. Ulu Öndər Heydər Əliyevin yaratdığı bu siyasi məktəb bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni tarixi məzmun qazanıb. Azərbaycanın bugünkü inkişafının, qüdrətinin və Zəfərinin arxasında məhz cənab İlham Əliyevin qətiyyətli siyasi iradəsi dayanır. Ölkədəki digər ictimai-siyasi birliklərin və təşkilatların Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki aparıcı rolunu dəstəkləməsi məhz bu liderliyin və ümummilli həmrəyliyin bariz göstəricisidir. Cənab İlham Əliyevin partiyamıza rəhbərliyi isə birmənalı olaraq siyasi kursun ardıcıllığı, dövlətçilik xəttinin sabitliyi və strateji hədəflərin davamlı şəkildə həyata keçirilməsi üçün ən etibarlı təminatdır. Yeni Nizamnamədə rəhbərlik institutunun bu baxımdan tənzimlənməsi xalqın və partiyanın etimadını qazanmış siyasi rəhbərliyin davamlılığının təmin edilməsinin hüquqi təminatıdır.
Nizamnamə Partiyanın siyasi əməkdaşlıq imkanlarını da müasir mərhələnin tələblərinə uyğunlaşdırır. Digər siyasi partiyalar və birliklərlə əməkdaşlıq, siyasi ittifaqlarda iştirak, xarici siyasi partiyalar və ictimai birliklərlə əlaqələrin inkişaf etdirilməsi YAP-ın açıq siyasi dialoq və əməkdaşlıq prinsiplərinə sadiqliyini ifadə edir.
Eyni zamanda, bu münasibətlərin əsasında Azərbaycanın milli maraqları, dövlətçilik prinsipləri və siyasi sabitliyin qorunması dayanır. İndi biz bu strateji hədəflərə çatmaq yolunda varisliklə yenilənmənin, siyasi ənənə ilə müasir idarəetmənin vəhdəti kimi partiyamıza daha böyük çeviklik qazandıracaq bu Nizamnaməni qəbul etməklə YAP-ın qarşıdakı mərhələdə hansı idarəetmə mədəniyyəti və məsuliyyəti ilə fəaliyyət göstərəcəyini də bəyan edirik.
Əminəm ki, Heydər Əliyevin dövlətçilik məktəbi, İlham Əliyevin müasir liderlik modeli və üzvlərimizin sarsılmaz birliyi ilə Yeni Azərbaycan Partiyası bundan sonra da dayanıqlı inkişafımızın və milli həmrəyliyimizin əsas siyasi dayağı olacaqdır.
Qoy Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev qalib Azərbaycanımızı yeni inkişaf yolunda daha böyük uğurlara aparsın!
Zəfərimiz əbədi, dövlətçiliyimiz sarsılmaz, Yeni Azərbaycan Partiyasının yeni uğurlar və yeni zəfərlər yolu isə daim açıq olsun!
Bahar Muradova
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri


