Cari ilin yanvar ayının 9-da ötən ilin idman yekunlarına həsr olunan mərasimdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev qeyd edib ki, hər il olduğu kimi, keçən il də Azərbaycan idmanı üçün uğurlu il olmuşdur. Prezident bildirib ki, Azərbaycanın digər sahələri kimi idman sahəsi də dinamik şəkildə inkişaf edir. Ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir.
BAKU.NEWS bildirir ki, bu barədə Göygöl rayon Gənclər və İdman idarəsinin rəisi Zaur Abbasov deyib.
Onun sözlərinə görə, keçən il Azərbaycan idmançıları beynəlxalq yarışlarda 800-dən çox medal qazanmış, onlardan 300-ə yaxını qızıl medaldır. İlk öncə, bu il Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında ölkəmiz 56 ölkə arasında 99 medalla 4-cü yerə layiq görülmüşdür. Xatırladaq ki, 5 il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komanda hesabında birinci olmuşdur.
Azərbaycanda idmanın inkişafı ardıcıl xarakter daşıyır. Azərbaycan Prezidenti cənab İlham Əliyev qeyd edib ki, gənc idmançıların hazırlanması mütəşəkkil qaydada təmin edilməlidir. Son vaxtlar bu sahədə daha məqsədyönlü fəaliyyət də göz önündədir.
Dövlət başçısı vurğulayıb ki, gələcəkdə gəncləri, uşaqları, yeniyetmələri idman bölmələrinə cəlb etmək üçün dövlət tərəfindən daha böyük imkanlar yaradılacaq.
Eyni zamanda, dövlətimizin başçısı Gənclər və İdman Nazirliyinin qarşısında qoyulan vəzifələrdən birinin də məhz bölgələrdə idmanı canlandırmaq, gənclərin, yeniyetmələrin, uşaqların gənc yaşlarından idmana cəlb edilməsi olduğunu və bunun onların tərbiyəsi üçün çox böyük əhəmiyyət daşıdığını bildirib.
Azərbaycanda bu gün idmanla məşğul olmaq üçün bütün imkanların olduğunu, bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi yaradıldığını, bu prosesin davam etdirildiyini, eyni zamanda, Bakı şəhərində ən mötəbər idman yarışlarının keçirildiyini, bundan sonra da ölkəmizdə həm dünya, həm Avropa çempionatlarının keçiriləcəyini bildirib. Dövlət başçısı bir vəzifə olaraq 2023-cü ilin bir çox parametrlər üzrə həlledici il olacağını qeyd edərək bütün idman ictimaiyyəti, nazirlik, Milli Olimpiya Komitəsi, federasiyalar, klublar, idman cəmiyyətləri qarşısında Azərbaycanın Yay Olimpiya Oyunlarında da öz gücünü təsdiqləməsini bir vəzifə kimi qoyub.


