Bakıda şadlıq sarayında keçirilən ad günü məclisində baş verən mübahisə ölümlə nəticələnib. Anasının ləhcəsi ilə bağlı yaranan mübahisəyə qoşulan S.R. qohumu Azər Qasımovu itələyib. Yıxılaraq başını daş çıxıntıya vuran şəxs həyatını itirib.
Hadisə Xətai rayonunda yerləşən “Təbrik” şadlıq sarayında baş verib.
Məhkəmə materiallarına görə, təqsirləndirilən şəxs 2000-ci ildə Xaçmaz rayonunun Bostançı kəndində anadan olub. Azərbaycan vətəndaşı olan S.R. ali təhsillidir və evlidir.
Hadisə Türkiyə vətəndaşı olan azyaşlının beş yaşının tamam olması münasibətilə təşkil edilən ad günü məclisində baş verib. Məclis zamanı Azər Qasımov S.R.-nin anasının ləhcəsi ilə bağlı zarafat edib. Bu, qadının narazılığına səbəb olub.
Daha sonra Azər Qasımov qadının qolundan tutaraq onu özünə tərəf çəkmək istəyib. Vəziyyətdən xəbər tutan S.R. məsələni aydınlaşdırmaq üçün onlara yaxınlaşıb. Tərəflər arasında mübahisə yaranıb.
İş materiallarına əsasən, Azər Qasımov S.R.-ni təhqir edib və ona yumruq vurmağa cəhd göstərib. S.R. zərbədən yayındıqdan sonra Azər Qasımovu itələyib. Nəticədə sonuncu arxaya yıxılıb və başının ənsə nahiyəsi şadlıq sarayının fasadındakı iti uclu daş çıxıntıya dəyib.
Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, Azər Qasımovun başının ənsə nahiyəsində və sol qulaq seyvanında əzilmiş yaralar, baş-beyinə qansızma və beyin ödemi müəyyən edilib. Ekspertiza qeyd olunan xəsarətlərin ölümə səbəb olduğunu təsdiqləyib.
Məhkəmədə ifadə verən S.R. özünü təqsirli bilib. O, Azər Qasımovun ona yumruq vurmaq istədiyini, zərbədən yayındıqdan sonra onu itələdiyini və nəticədə mərhumun yıxılaraq başını vurduğunu bildirib.
İş üzrə dindirilən şahidlər də tərəflər arasında mübahisə olduğunu təsdiqləyiblər. Şahidlərdən biri hadisənin bir an içində baş verdiyini deyib. Digər şahid isə S.R.-nin əl hərəkətinin mərhuma dəyib-dəymədiyini dəqiq görmədiyini bildirib.
Mərhumun hüquqi varisi məhkəmədə S.R. ilə barışdıqlarını, heç bir şikayət və tələblərinin olmadığını qeyd edib.
Məhkəmə cəza təyin edərkən S.R.-nin himayəsində azyaşlı uşağının olmasını, mərhumun ailəsi ilə barışmasını, törətdiyi əməldən peşman olmasını və antiterror əməliyyatında iştirakını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alıb.
Məhkəmənin hökmü ilə S.R. Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Hökmə əsasən, S.R. saat 23:00-dan 07:00-dək yaşayış yerini tərk edə bilməz, Bakı şəhərinin ərazisini tərk etməməli və elektron nəzarət vasitəsi gəzdirməlidir.
Təqsirləndirilənin şübhəli şəxs qismində saxlanıldığı bir gün iki gün hesabı ilə cəza müddətindən çıxılıb. Beləliklə, onun üzərində 2 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
Hökm qanuni qüvvəyə minənədək S.R. barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb.
Qaynarinfo


