20 ildən artıqdır ki, Azərbaycanda tibbi turizmin inkişafı ilə məşğul olan “Alean Company” turizm şirkəti Bakı Konqres Mərkəzində beynəlxalq konfrans təşkil edib.
Tədbirdə dövlət qurumlarının nümayəndələri, diplomatlar, yerli ekspertlər, sanatoriya, tibb və rifah mərkəzlərinin təmsilçiləri, eləcə də müxtəlif ölkələrdən mütəxəssislər iştirak ediblər. Ümumilikdə, konfransa 250-yə yaxın nümayəndə qatılıb.
“Alean Company” şirkətinin daxili turizm şöbəsinin rəhbəri Regina Məhərrəmova bildirib ki, hər il keçirilən tədbirə maraq ildən-ilə artır. Bunun əsas səbəblərindən biri son illərdə tibbi turizmə marağın əhəmiyyətli dərəcədə artmasıdır.
Onun sözlərinə görə, müasir həyatın sürətli tempi və gündəlik stress insanların sağlamlıqlarına daha çox diqqət yetirmələrini, istirahətə və sağlamlığın bərpasına ehtiyacın artmasını şərtləndirir. Bu gün sanatoriya və sağlamlıq mərkəzlərinə maraq yalnız yaşlı nəsil arasında deyil, gənclər arasında da artır. İnsanlar gündəlik həyatın yorğunluğundan uzaqlaşmaq, dincəlmək və sağlamlıqlarını bərpa etmək istəyirlər.
Regina Məhərrəmova qeyd edib ki, Azərbaycan sağlamlıq və turizm sahəsində zəngin potensiala malikdir. Konfransın əsas məqsədi tibbi turizmin inkişafına dəstək vermək, ikitərəfli görüşlər keçirmək, yeni əməkdaşlıqlar qurmaq və insanlara sağlamlıqlarını qorumaq və bərpa etmək üçün mövcud imkanlar barədə məlumat verməkdir. O, Azərbaycanın bu istiqamətdə beynəlxalq layihələrdə də iştirak etdiyini vurğulayıb.
Şöbə rəhbəri Kəlbəcərdə açılması nəzərdə tutulan “İstisu” Müalicəvi-İstirahət Kompleksinin də sağlamlıq turizminin inkişafına mühüm töhfə verəcəyini bildirib. Onun sözlərinə görə, “Alean Company” turoperator şirkəti olaraq Azərbaycanda tibbi turizmin inkişafında maraqlıdır və bu istiqamətdə müxtəlif layihələr həyata keçirir.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov ölkəmizin sağlamlıq turizmi sahəsində geniş imkanlara malik olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, sağlamlıq turizmi yalnız tibbi xidmətlərin inkişafı baxımından deyil, həm də insanların ümumi rifahının və həyat keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Deputat bildirib ki, son illərdə Azərbaycanda sağlamlıq turizminin inkişafı istiqamətində mühüm addımlar atılıb, tibbi xidmətlərin keyfiyyəti və əlçatanlığı əhəmiyyətli dərəcədə yüksəlib.
Dövlət Turizm Agentliyinin Mədəni irs və regional turizm şöbəsinin müdiri Elgün Cavadov isə Agentlik tərəfindən sağlamlıq turizmi sahəsində görülən işlər, ölkənin bu istiqamətdə mövcud potensialı və onun inkişaf perspektivləri barədə məlumat verib.
Daha sonra Qırğızıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Maksat Mamıtkanov, Litvanın Azərbaycandakı səfiri Kestutis Vaşkeleviçus, Latviyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Edqars Skuja, Çexiyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi və turizm şirkətlərinin təmsilçiləri çıxış edərək tədbirin əhəmiyyətindən bəhs ediblər.
Çıxışlarda Azərbaycanın tibbi turizm sahəsində böyük potensiala malik olduğu, bu istiqamətdə əldə olunan nailiyyətlərin və beynəlxalq əməkdaşlıq imkanlarının gələcək inkişaf üçün əlverişli zəmin yaratdığı vurğulanıb.
Konfrans çərçivəsində Azərbaycanda rifah turizmi modelinin formalaşdırılması, beynəlxalq təcrübənin yerli turizm sektoruna inteqrasiyası və ölkənin bu sahədə rəqabət qabiliyyətinin artırılması məsələləri müzakirə olunub. Eyni zamanda, SPA və termal terapiya standartlarının tətbiqi, turizm istiqamətlərinin sertifikatlaşdırılması, kadr hazırlığı, tibbi turizmin gələcək inkişaf perspektivləri, beynəlxalq akkreditasiya, səhiyyə və turizm sektorları arasında səmərəli əməkdaşlıq mexanizmlərinin yaradılması, institusional potensialın gücləndirilməsi, etik tibbi təcrübələrin təşviqi və dayanıqlı inkişafın təmin edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Tədbir çərçivəsində iştirakçılar arasında B2B formatında işgüzar görüşlər keçirilib, tərəflər arasında birgə əməkdaşlıq imkanları və gələcək tərəfdaşlıq perspektivləri müzakirə edilib.














