Stomatit dedikdə, ağız boşluğunda ən sıx rast gəlinən ağrılı xoralar nəzərdə tutulur. Xırda ölçüdə qrup şəklində və ya tək-tək iri ölçüdə ağız boşluğunun selikli qişasında, damaqda və dodaq nahiyəsində əmələ gəlir.
Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 39 nömrəli Şəhər Poliklinikasının həkim-stomatoloqu Aysel Quliyevanın sözlərinə görə, stomatitə ən çox uşaq və yeniyetmələrdə rast gəlinir:
“Sağalması 7-21 günədək çəkə bilər. Stomatitin yaranma səbəbi dəqiqliklə müəyyən edilməsə də, buna bir çox yerli və ümumi faktorlar səbəb olur. Yerli faktorlara qeyri – qənaətbəxş gigiyena, travmatik dişləm, cilalanmamış qapaq və protezlər, selikli qişanın digər mexaniki, kimyəvi və termiki travmaları və s. aiddir. Ümumi səbəblər sırasında isə genetik faktor, mədə-bağırsaq traktının xəstəlikləri (seliakiya, kron xəstəliyi, kolit və s.), Behçet sindromu (sistemli vaskulit, çox vaxt selikli qişa və dəridə özünü bildirir), disbakterioz, vitamin və mineral defisitləri (dəmir, fol turşusu, sink və B qrup vitaminləri), psixiki, stres faktorları, immunitet zəifliyi və Herpes virusunun ağız boşluğunda təzahürü yer alır. İlkin olaraq pasiyent travmaedici faktorlardan, qıcıqlandırıcı qidadan uzaq durmalı, optimal temperaturlu yumşaq qida və maye qəbul etməli və stomatoloq tövsiyəsinə əməl etməlidir”.
Həkim-stomatoloq onu da qeyd etdi ki, stomatit zamanı yerli ağrıkəsici tərkibli gellərin applikasiyası, ibuprofen ya parasetamol tərkibli dərmanların qəbulu, antiseptik tərkibli sovurma drajelər, məhlullarla qarqaralar (miramistin, furasilin, xlorheksidin (12yaş üzəri) tərkibli), iltihab əleyhinə və sağalmanı sürətləndirən preparatlar (bitki tərkibli çaylar, propolis tərkibli preparatlar, solkoseril, çaytikanı, itburnu yağları ), yerli və bağırsaq mikroflorasının bərpası üçün isə probiotik qəbulu tövsiyə olunur.
Əgər residivlər, yəni təkrar səpkilər ildə 2 dəfədən artıq və intensivliyi artan şəkildə olarsa, o zaman stomatoloqla yanaşı qastroenteroloq, endokrinoloq, terapevt, psixo-nevroloq, gematoloq kimi mütəxəssis həkimlərin də müalicəsinə ehtiyac yarana bilər.
Müalicənin vacib məqamlarından biri isə pasiyentin xəstəliyin inkişaf və təkrarlanma səbəblərinə diqqət etməsi və bununla anamnezin düzgün toplanmasına yardımçı olmasıdır.


