Qazaxıstanın rəqəmsal inkişaf naziri Jaslan Madiyevin sözlərinə görə, Azərbaycan və Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə çəkilən 390 kilometrlik “Transxəzər Fiber-Optik Rabitə Xətti”nin oktyabr ayında istifadəyə verilməsi planlaşdırılır. “Rəqəmsal İpək Yolu” layihəsinin mühüm tərkib hissəsi olan bu yeni dəhliz Asiya ilə Avropa arasında yüksək sürətli və minimal gecikməli məlumat ötürülməsini təmin edəcək, regional əməkdaşlığı gücləndirməklə yanaşı süni intellekt, bulud texnologiyaları və rəqəmsal infrastrukturların inkişafına böyük təkan verəcək.
Bəs bu xəttin iqtisadi baxımdan hansı dividendləri gətirməsi gözlənilir? Layihə haqqında bilmədiyimiz daha hansı vacib detallar var?
Mövzu ilə bağlı Plat.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili bildirib ki, Azərbaycan indiyədək enerji və yük daşımalarında öz coğrafi mövqeyindən iqtisadi fayda əldə edib:
“Transxəzər fiber-optik rabitə xətti bu imkanlara yeni istiqamət əlavə edir: ölkəmiz Asiya ilə Avropa arasında məlumatların ötürülməsindən də gəlir qazanmaq imkanını genişləndirir. Sadə desək, Xəzərin altından keçən bu kabel rəqəmsal iqtisadiyyat üçün yeni yol açır.

Layihənin ilk iqtisadi faydası tranzit gəlirləridir. Beynəlxalq rabitə şirkətləri xəttin tutumundan istifadə etdikcə operatorlar xidmət haqqı qazanacaqlar. Bu isə Azərbaycanın qeyri-neft xidmət ixracını və xarici valyuta gəlirlərini artırmaq üçün əlavə imkan deməkdir. Gəlirin həcmi xəttə nə qədər müştəri cəlb olunacağından, ötürülən məlumatın həcmindən və müqavilələrin şərtlərindən asılı olacaq”.
Deputatın fikrincə, daha böyük iqtisadi imkan bu bağlantının ətrafında yarana biləcək bizneslərdədir:
“Məlumat mərkəzləri, bulud xidmətləri və süni intellektlə işləyən şirkətlər fəaliyyət yeri seçərkən etibarlı elektriklə yanaşı, güclü beynəlxalq internet bağlantısına da baxırlar. Yeni xətt Azərbaycanın belə investisiyalar üçün cəlbediciliyini artıra bilər. Bu imkan reallaşarsa, ölkədə mühəndislər, proqramçılar və kibertəhlükəsizlik mütəxəssisləri üçün yeni, yüksək gəlirli iş yerləri yarana bilər. Bunun üçün bağlantı ilə yanaşı, hazırlıqlı kadrlar və əlverişli biznes şəraiti də lazımdır.
Layihənin az müzakirə olunan üstünlüklərindən biri də alternativ marşrut yaratmasıdır. Bir istiqamətdə nasazlıq yarandıqda məlumatların başqa yolla ötürülməsi imkanı biznes üçün böyük əhəmiyyət daşıyır. Bank əməliyyatları, onlayn ticarət və şirkətlərin gündəlik işi baxımından bağlantının davamlılığı sürət qədər vacibdir. Layihənin operatoru da mövcud marşrutlara alternativ yaratmağı əsas məqsədlərindən biri kimi göstərir”.
Həmsöhbətimiz həmçinin əlavə edib ki, texniki baxımdan diqqətçəkən detal xəttin təxminən 400 terabit/saniyə səviyyəsində layihələndirilmiş tutumudur:
“Bu, ayrı-ayrı istifadəçilərin internet sürəti deyil, xəttin ümumi məlumatdaşıma potensialıdır. Azərbaycan üçün əsas hədəf məlumatların ölkəmizdən keçməsi ilə yanaşı, burada saxlanması, emal olunması və yeni xidmətlərə çevrilməsi olmalıdır. Tranzitdən gəlir əldə etmək vacibdir. Bu infrastruktur üzərində yerli texnologiya bizneslərini böyütmək isə iqtisadiyyata daha geniş və davamlı fayda verə bilər”.


