İstənilən dövlətin öz ərazisində hərbi əməliyyat keçirməsi, yaxud cinayətkarları zərərsizləşdirməsi müstəsna hüququdur. Bu, beynəlxalq hüquqda və konvensiyalarda göstərilib. Çünki belə olmasa həmin cinayətkarlar həm regional, həm də qlobal miqyasda təhlükə mənbəyinə çevrilə bilər.
“Qisas” əməliyyatı 3 avqust 2022-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın tarixi Qarabağ ərazisində qanunsuz erməni silahlı qüvvələrinə qarşı aparılan hərbi əməliyyat idi. Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusu bölmələrinin mövqelərini intensiv atəşə tutmağa başladı. Nəticədə Müzəffər Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid oldu. Bundan sonra Azərbaycan Silahlı Qüvvələri dərhal antiterror əməliyyatına başlayaraq, şəhidimizin qanını yerdə qoymadı. Erməni silahlı dəstələrinin bir neçə üzvü məhv edildi, onlarla qanunsuz silahlı isə yaralandı. Yəni düşmən atdığı addıma sözün əsl mənasında peşman edildi. Azərbaycan şəhidinin qanı onlara baha başa gəldi. Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab yenə eyni olacaq və heç kim Azərbaycan Ordusuna mane ola bilməz, heç kim bizi durdura bilməz. “Qisas” əməliyyatının çox təsirli, ancaq qısamüddətli olması onu göstərir ki, bizim gücümüz yerindədir. Cənab Ali Baş Komandan İlham Əliyev dəfələrlə bəyan edib ki, biz yeni müharibə istəmirik. Bəli əgər Azərbaycan istəsəydi heç bir dövlət, beynəlxalq qurum ya da güc onun qarşısında dura bilməzdi. Ölkəmiz regionda davamlı sülh, əmin-amanlıq istəyir. Bunun üçün üzərimizə düşən bütün zəruri addımları bu günə qədər atmışıq. Ümid edirik ki, Ermənistan da, doğma Qarabağımızda yaşayan erməni millətinə məxsus vətəndaşlarımız da nəhayət düzgün yolu seçəcək, nifrətdən, müharibədən uzaqlaşaraq birgə yaşamağın yollarını axtaracaqdır. “Qisas” əməliyyatı ilə bağlı bir faktı da qeyd etmək istərdim ki, əməliyyat nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər Azərbaycan bölmələri tərəfindən nəzarətə götürüldü. Yəni, Azərbaycan Silahlı Qüvvələri şəhidinin qanını almaqla yanaşı, həm də dövlət maraqlarının təminatını ən yüksək səviyyədə yerinə yetirdi. Beləliklə, bu, bir günlük əməliyyat Ermənistan üçün böyük dərs olmalıdır. Onlar anlamalıdır ki, bu gün də, sabah da, hətta bundan illər sonra da Azərbaycan dövləti, xalqımız həmişə öz milli maraqlarını, ərazi bütövlüyünü qorumaq üçün canından keçməyə hazır olacaq, öz torpaqlarında başqa bir ölkənin hərbi varlığını əsla qəbul etməyəcək. Bundan sonra torpaqlarımızda nəinki ikinci bir erməni dövlətinin varlığı, hətta hansısa status, xüsusi imtiyazlardan belə söhbət gedə bilməz. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev sonuncu nitqində də aydın şəkildə dünyaya mesaj verdi. Bəli, torpaqlarımızda yaşayan ermənilər ancaq digər xalqların nümayəndələrinin malik olduğu qədər haqlara sahib ola bilərlər. Ermənistan hökumətinin də, Qarabağda yaşayan ermənilərin də tək çıxış yolu Azərbaycan dövləti ilə hesablaşmaqdır.
Kamran Zeynalov;
Vətən Müharibəsi iştirakçısı


