Maliyyə Nazirliyinin Rəqəmsal Maliyyə Mərkəzi tədbir iştirakçılarının qəbulu, yerləşdirilməsi və logistika xidmətlərinin satın alınması üçün 77 min 660 manatlıq müqavilə bağlayıb.
Satınalmanın icraçısı “İTS TOUR” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
Satınalma çərçivəsində Cənubi Koreyadan Azərbaycana gələcək ümumilikdə 22 nəfərin aviabiletlərinin alınması, Bakıda minimum 4 ulduzlu hoteldə yerləşdirilməsi, logistika və Koreya-Azərbaycan dilləri üzrə sinxron tərcümə xidmətinin göstərilməsi nəzərdə tutulur.
Tender şərtlərinə əsasən, ilk səfər çərçivəsində 8 nəfər 7 gün, ikinci səfərdə 6 nəfər 3 gün, üçüncü səfərdə isə 8 nəfər 3 gün hoteldə yerləşdiriləcək. Beləliklə, ümumilikdə 98 otaq-gecəlik hotel xidməti alınacaq.
Bundan başqa, 22 nəfər üçün Seul-Bakı-Seul istiqamətində ekonom sinif gediş-dönüş aviabiletləri alınacaq. Satınalma çərçivəsində 13 gün müddətinə Azərbaycan və Koreya dillərində sinxron tərcümə xidmətinin göstərilməsi də nəzərdə tutulub.
Müqavilənin ümumi məbləğini iştirakçıların sayına böldükdə bir nəfərə orta hesabla təxminən 3 min 530 manat xərc düşür.
Plat.az bazarda mövcud qiymətlər əsasında sadə hesablama aparıb.
Bazarda Koreya-Azərbaycan sinxron tərcümə xidmətinin bir günlük maksimum qiymətinin təxminən 500 manat civarında olduğu nəzərə alınarsa, 13 günlük xidmət üçün təxminən 6 min 500 manat tələb olunur.
Bakının mərkəzində 4 ulduzlu hoteldə bir gecəlik yerləşməni orta hesabla 250 manat götürdükdə 98 otaq-gecə üçün xərc 24 min 500 manat edir. Hərçənd ki, hazırda daha ucuz qiymətə 100-150 manat civarında da Bakıda 4 ulduzlu otel sifariş etmək mümkündür.
Aviabiletlərin bir nəfər üçün orta hesabla 1 700 manat olduğunu qəbul etdikdə 22 gediş-dönüş biletinin ümumi dəyəri 37 min 400 manat təşkil edir.
Bu hesablamaya əsasən, aviabilet, hotel və tərcümə xidmətlərinin ümumi dəyəri təxminən 68 min 400 manat edir.
Bu məbləğ 77 min 660 manatlıq müqavilə dəyərindən təxminən 9 min 260 manat və ya 13,5 faiz azdır.
Nəzərə almaq lazımdır ki, bütün xidmətlər “İTS TOUR” MMC tərəfindən vahid paket çərçivəsində həyata keçirilir. Turizm şirkətləri hotel yerləşdirilməsi, aviabilet və digər xidmətləri toplu şəkildə aldıqları üçün korporativ və qrup tariflərindən yararlana bilirlər. Bu isə pərakəndə bazar qiymətləri ilə müqayisədə daha aşağı alış qiymətinin formalaşması ehtimalını artırır.
Bu baxımdan, 68,4 min manatlıq hesablamanın özü belə pərakəndə qiymətlər əsasında aparılmış ehtiyatlı ssenaridir. Xidmətlərin paket və korporativ endirimlərlə alınması halında faktiki maya dəyərinin bundan da aşağı olması mümkündür.
Satınalma sənədlərində isə 77 min 660 manatın aviabilet, hotel, tərcümə və digər logistika xidmətləri üzrə ayrıca bölgüsü göstərilmir. Buna görə də qiymət fərqinin konkret hansı xidmət üzrə yarandığını müəyyən etmək mümkün deyil.
Plat.az


