Laçın rayonu Qarabağ münaqişəsinin başladığı ilk illərdən strateji əhəmiyyəti ilə digər rayon və şəhərlərimizdən fərqlənib. Ermənistan ordusu Laçını işğal edərək Qarabağla, separatçılarla Ermənistan ərazisindən bağlılıq yaratmaq niyyətində idi. Hər zaman Laçın və buradan keçən dəhliz uğrunda gərgin döyüşlər gedib, nəhayət, Ermənistan bu şəhəri işğal edib. Bundan sonra gedən proseslər artıq bizə məlumdur.
Bunu BAKU.NEWS-a açıqlamasında Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi Ramil Məmmədli deyib.
Sonrakı mərhələlərdə digər rayonların da işğal olunduğunu qeyd edən Ramil Məmmədli bildirib ki, 2020-ci ildəki 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin bir-birinin ardınca qazandığı Zəfər, uğurlu hərbi əməliyyatlar nəticəsində ordumuz Qubadlıdan sonra Laçın rayonuna daxil oldu. Güləbird və Səfiyan kəndlərini işğaldan azad edən Ordumuz artıq Laçın şəhəri istiqamətində hərəkət etməyə başladı. Azərbaycan Ordusunun bu istiqamətdə əldə etdiyi üstünlüklər sayəsində o, artıq Laçını işğaldan azad etməyə yaxın idi. Lakin Ermənistanın baş naziri 2020-ci il 10 noyabr təslimçilik Bəyanatını imzaladıqdan sonra Ermənistan Laçını təhvil vermək məcburiyyətində qaldı.
“Hesab edirəm ki, hazırda Laçının əhəmiyyəti daha yüksəkdir. Laçın 1990-cı illərin əvvəllərində nə qədər əhəmiyyətli idisə, bu gün də bir o qədər əhəmiyyətlidir. Laçının əhəmiyyəti ondan ibarətdir ki, bu gün də Qarabağdakı ermənilər Azərbaycanın razılığı əsasında oradakı yeni dəhliz yolundan istifadə edirlər.
Əgər gələcəkdə Qarabağda Ermənistan ordusu hər hansı gərginlik yaradarsa, Azərbaycan Ordusu Laçını artıq nəzarəti götürdükdən sonra, dəhlizi yenidən bağlasaq, Qarabağdakı ermənilər mühasirəyə düşəcəklər. Artıq oradakı ermənilərin məğlub olması isə an məsələsi olacaq.
Düşünürəm ki, bir mənalı olaraq Laçın əhəmiyyətli və strateji baxımdan üstün mövqeyə malik məntəqədir. Laçın dəhlizinin bağlanması ermənilər üçün hər zaman təhlükəli olub”, – deyə hərbi şərhçi vurğulayıb.


