Bu gün yol-nəqliyyat hadisələri qurbanlarının Ümumdünya Anım Günüdür.
Yollarda baş verən hər bir faciə itirilən ömür və ya sağlamlıq, bir ailənin həyatında və taleyində sağalmaz izlər deməkdir. Bir anlıq diqqətsizlik, məsuliyyətsizlik və qaydalara etinasızlıq bəzən geri dönüşü olmayan nəticələrə səbəb olur. Heç birimiz belə hadisələrdən sığortalanmamışıq.
Yol hərəkəti mədəniyyəti ilk növbədə şəxsi məsuliyyətdən, intizamdan və başqalarının həyatına hörmətdən başlayır. İstər sürücü, istər piyada, istərsə də digər hərəkət iştirakçısı olaq, davranışımızla həm özümüzün, həm də ətrafımızdakı insanların təhlükəsizliyini düşünməliyik.
Hazırda ölkəmizdə keçirilən Uşaq Hüquqları Aylığı çərçivəsində bu məsələnin xüsusi əhəmiyyəti var. Uşaqları təhlükəsiz həyata hazırlamaq, onlara yol hərəkəti qaydalarına hörmət etməyi və məsuliyyətli davranmağı aşılamaq gələcəyin təhlükəsiz cəmiyyətinin formalaşmasına verilən ən mühüm töhfədir. Axı biz hər gün yaşlanırıq, uşaqlar isə böyüyür. Onların gördüyü nümunələr sabahın davranış mədəniyyətinə çevrilir.
Bir faciənin mahiyyətini anlamaq onun ağrısını hiss etmək üçün mütləq onu yaşamaq lazım deyil hiss etmək kifayətdir. Diqqət, səbir və düzgün seçimlərimiz isə bir insanın timsalında yüzlərlə həyatı xilas edə bilər.
Bu gün itirdiyimiz insanların xatirəsini yad edərkən, yeni itkilərin də qarşısını almaq üçün öz məsuliyyətimizi dərk edərək artıraq.
Unutmayaq! Yolda məsuliyyətli davranış sadəcə qaydalara əməl etməklə bitmir, bu, insan həyatına, ətrafa və özünə qoyduğun ən böyük hörmətdir!
Ombudsman Aparatının Mətbuat Xidmətinin rəhbəri
Araz Əsgərli



