Dekabrın 5-də qeyd olunan Dünya Türk Qəhvəsi Günü Türkiyənin əsrlərə söykənən qəhvə ənənəsini, regional dadlarını və qonaqpərvərlik mədəniyyətini daha yaxından tanımaq üçün fürsət yaradır. İstanbulun tarixi qəhvəxanalarından Qaziantepin menengiç qəhvəsinə, Şanlıurfanın mırrasından Alaçatının saqqız ətirli qəhvəsinə qədər ölkənin müxtəlif bölgələri fərqli dad təcrübələri təqdim edir.
Səyahət edilən məkanın yerli təamlarını kəşf etmək həmin ölkənin mədəniyyətini, gündəlik həyat tərzini və ənənələrini daha yaxından tanımağa imkan verir. American Express-in 2026-cı il üzrə səyahət tendensiyalarına dair hesabatına əsasən, respondentlərin 82%-i yerli mədəniyyətlə yaxından tanış olmağa imkan verən praktiki təcrübələrin həmin mədəniyyətə marağı və rəğbəti artırdığını bildirib.
Yerli mətbəx və dadlar da səyahət məkanını kəşf etməyin əsas yollarından biri hesab olunur. Türkiyədə isə bir fincan türk qəhvəsi zəngin kulinariya irsini, səmimi ünsiyyəti və əsrlərdir yaşadılan qonaqpərvərlik ənənəsini özündə birləşdirir.
Özünəməxsus ətri, məxməri köpüyü və ənənəvi hazırlanma üsulu ilə seçilən türk qəhvəsi bu mədəni təcrübənin ayrılmaz hissəsidir. Onun tarixi irsi 2013-cü ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına “Türk qəhvəsi mədəniyyəti və ənənəsi” adı ilə daxil edilməsi ilə beynəlxalq səviyyədə tanınıb.
Türk qəhvəsi: əsrlərə söykənən ənənə
Türkiyə çay mədəniyyəti ilə tanınsa da, türk qəhvəsi də gündəlik həyatda özünəməxsus yer tutur. XVI əsrdə Yəməndən İstanbula gətirilən qəhvə qısa müddət ərzində şəhərdə qəhvəxanaların yaranmasına təkan verib. İnsanların söhbət etmək, fikir mübadiləsi aparmaq və bir araya gəlmək üçün toplandığı bu məkanlar zamanla geniş yayılıb.
Avropalı diplomatlar və tacirlər də qəhvə ənənəsinin Osmanlı paytaxtından kənara çıxaraq Avropada tanınmasında mühüm rol oynayıblar.
Türk qəhvəsinin fərqli dad və konsistensiyasının əsas sirri hazırlanma üsulundadır. İncə üyüdülmüş qəhvə dənələri “cezve” adlanan kiçik qabda su ilə birlikdə vam odda bişirilir. Bu üsul içkiyə xarakterik köpük və özünəməxsus dad verir.
Şəkərsiz və ya zövqə uyğun şəkər əlavə edilməklə hazırlanan qəhvə “fincan” adlanan kiçik fincanlarda təqdim olunur. Onun yanında, adətən, lokum da verilir.
Gündəlik dost söhbətlərindən nişan mərasimlərinə qədər türk qəhvəsi insanları bir araya gətirən ənənə kimi yaşamaqda davam edir. Qəhvə süfrəsi ətrafında başlayan söhbətlər bəzən fincanın dibində qalan çöküntüdən fal açılması ilə davam edir. Bu adətlər səyahətçilərə yerli həyat tərzini yaxından tanımaq və Türkiyənin qonaqpərvərlik mədəniyyətini hiss etmək imkanı yaradır.
Türkiyə üzrə qəhvə marşrutu: fərqli bölgələr, fərqli dadlar
Türkiyədə qəhvə mədəniyyətini kəşf etmək üçün tarixi qəhvəxanaları ziyarət etmək, ustad dərslərində iştirak etmək və müxtəlif bölgələrə xas qəhvə növlərini dadmaq mümkündür.
İstanbul: tarixi qəhvəxanalar və ənənəvi hazırlanma üsulları
Qəhvə səyahətinə İstanbuldan başlamaq olar. Tarixi Yarımadanın Sultanahmet, Sirkeci və Eminönü məhəllələri, eləcə də Karaköy, Qalata və Kadıköy özünəməxsus atmosferə malik qəhvəxanaları ilə seçilir.
Bu məkanlarda təzə üyüdülmüş qəhvənin ətri ilə müşayiət olunan küçə gəzintilərindən sonra isti qum və ya köz üzərində hazırlanan türk qəhvəsini dadmaq mümkündür. Bu üsulla bişirilən qəhvə daha dolğun dadı ilə fərqlənir.
Ankara və İzmir: şəhər qəhvə mədəniyyəti
Qəhvə ənənəsini Türkiyənin digər böyük şəhərlərində də kəşf etmək olar. Paytaxt Ankarada Tunalı Hilmi küçəsi və Çankaya ərazisində yerləşən müasir qəhvəxanalar klassik türk qəhvəsini dadmaq üçün məkanlar təklif edir.
İzmirdə isə Əlsancaqda İzmir körfəzinə açılan mənzərə qarşısında və ya tarixi evlərin sıralandığı ara küçələrdəki qəhvəxanalarda bu içkidən zövq almaq mümkündür.
Şəhərin Urla bölgəsində, xüsusilə Sənət küçəsi boyunca yerləşən kiçik qəhvəxanalarda ənənəvi türk qəhvəsini dadmaq olar. Yaxınlıqdakı Alaçatıda isə saqqız ətirli türk qəhvəsi diqqət çəkən yerli dadlardan biridir.
Qaziantep: menengiç qəhvəsinin fərqli dadı
Türkiyənin cənub-şərqinə doğru səyahət edən qəhvə həvəskarları Qaziantepdə menengiç qəhvəsini sınaya bilərlər. 2024-cü ildə Avropa İttifaqının Qorunan Mənşə Adı (PDO) statusunu qazanan bu içki təbii olaraq kofein ehtiva etmir.
Menengiç qəhvəsi Pistacia terebinthus ağacının qovrulmuş meyvələrindən hazırlanır və bölgənin fərqli kulinariya ənənələrindən birini əks etdirir.
Şanlıurfa və Mardin: ənənəvi mırra
Şanlıurfa və Mardində isə kəskin acı dadı ilə tanınan mırra qəhvəsini dadmaq mümkündür. Bu içkinin tünd və özünəməxsus dadı qəhvə dənələrinin iki dəfə qovrulması ilə əldə edilir.
Adıyaman: karvansaray qəhvəsi
Adıyamanda təqdim olunan karvansaray qəhvəsi fərqli inqrediyentlərin birləşməsi ilə hazırlanır. Qəhvə, şokolad, qaymaq, salep, keçibuynuzu, menengiç və saqqızın istifadə olunduğu bu içki zəngin dad çalarları ilə seçilir.
Dibek qəhvəsi: ənənəvi üyütmə üsulu
Türkiyənin müxtəlif bölgələrində rast gəlinən digər qəhvə növlərindən biri də dibek qəhvəsidir. Ənənəvi hazırlanma üsulunda qovrulmuş qəhvə dənələri adi dəyirmanda üyüdülmək əvəzinə, daş həvəngdəstədə döyülür. Müasir reseptlərdə isə içkiyə müxtəlif ətirli inqrediyentlər əlavə edilərək fərqli dadlar yaradılır.
Safranboluda Türk Qəhvəsi Muzeyini ziyarət edin
Türkiyə üzrə qəhvə səyahəti zamanı Karabük vilayətinin Safranbolu şəhərində yerləşən Türk Qəhvəsi Muzeyini də ziyarət etmək mümkündür. Osmanlı dövrünə aid autentik evləri ilə tanınan Safranbolu UNESCO-nun Dünya İrsi Siyahısına və Cittaslow şəbəkəsinə daxildir.
Muzey türk qəhvəsinin tarixi və ənənəsi ilə daha yaxından tanış olmaq istəyənlər üçün səyahətin maraqlı dayanacaqlarından biri ola bilər.
Türk qəhvəsi ənənəsini evdə yaşatmaq və yaxınları ilə bölüşmək istəyənlər üçün isə xüsusi hədiyyə dəstləri nəzərdə tutulur. Belə dəstlərə cezve, incə üyüdülmüş türk qəhvəsi və iki ənənəvi çini fincan daxildir.
Dünya Türk Qəhvəsi Günü Türkiyənin zəngin qəhvə mədəniyyətini kəşf etmək, fərqli regional dadları sınamaq və bir fincan qəhvə ətrafında formalaşan ünsiyyət ənənəsini yaşamaq üçün fürsətdir.
TREND
- Fuad Muradovun müavinlərinin sayı artırıldı – Fərman
- Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? – AÇIQLAMA
- “ROX Capital Group” Azərbaycan bank sektoruna maraq göstərir
- Aydın Balayevin “Azərbaycan türkləri” kitabı Azərbaycan dilində işıq üzü görüb
- “Xəzər Xəbər”dən ayrıldı, dövlət qurumunda vəzifəyə təyin edildi
- bp ilə birgə enerji layihələrinin inkişafı müzakirə edilib
- SOCAR və BP-nin daxil olduğu konsorsium İsrail şelfində seysmik kəşfiyyatı başa çatdırıb
- Dünya Türk Qəhvəsi Günü: Hər fincanda Türkiyənin mədəniyyətini kəşf edin
Digər xəbərlər
2026 © BAKU NEWS. Məlumat və ya materiallardan istifadə etdikdə müvafiq keçidin qoyulması ilə BAKU.NEWS-a istinad etmək mütləqdir.


