Dövlət büdcəsi ölkənin iqtisadi inkişaf strategiyasını, sosial prioritetlərini, milli təhlükəsizlik maraqlarını və uzunmüddətli hədəflərini özündə əks etdirən mühüm maliyyə sənədidir. 2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin davamlılığının təmin edilməsinə, eləcə də ölkə qarşısında duran strateji vəzifələrin və prioritet istiqamətlərin maliyyələşdirilməsinə xidmət edir.
Qlobal iqtisadi və geosiyasi çağırışlar fonunda iqtisadi dayanıqlılığın qorunması, müdafiə qabiliyyətinin gücləndirilməsi, qeyri-neft sektorunun inkişafı və əhalinin sosial rifahının yüksəldilməsi xüsusi əhəmiyyət daşıyır. Bununla yanaşı, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq işlərinin davam etdirilməsi, Böyük Qayıdışın təmin olunması, yeni müəssisələrin yaradılması və sahibkarlığın inkişafı dövlət siyasətinin prioritet istiqamətləri sırasındadır.
Bu baxımdan, regionların sosial-iqtisadi inkişafı, yerli idarəetmənin təkmilləşdirilməsi və bələdiyyələrin fəaliyyət imkanlarının genişləndirilməsi də xüsusi diqqət tələb edən məsələlərdəndir. Çünki regionların inkişafı yalnız müasir infrastrukturun qurulması ilə məhdudlaşmır. Bu inkişaf, eyni zamanda, yeni iş yerlərinin yaradılmasını, yerli istehsalın genişləndirilməsini, sahibkarlığın təşviqini və mövcud iqtisadi potensialdan səmərəli istifadəni nəzərdə tutur.
Qeyd olunan məsələlər Naxçıvan Muxtar Respublikasında, Qarabağ və Şərqi Zəngəzurda, eləcə də ölkənin digər bölgələrində fərqli imkan və xüsusiyyətlər nəzərə alınmaqla həyata keçirilir. Naxçıvanın tranzit və logistika potensialının genişləndirilməsi, işğaldan azad edilmiş ərazilərdə iqtisadi həyatın canlandırılması, yeni istehsal sahələrinin yaradılması və investisiyaların təşviqi regional inkişaf siyasətinin mühüm istiqamətləridir.
Yerli əhəmiyyətli məsələlərin həllində bələdiyyələrin institusional və maliyyə imkanlarının gücləndirilməsinə ehtiyac qalmaqdadır. Xüsusilə yaşayış məntəqələrinin abadlaşdırılması, yerli infrastrukturun saxlanılması və kommunal xidmətlərin təşkili ilə bağlı məsələlərdə bələdiyyələrlə digər aidiyyəti qurumlar arasında səlahiyyət və məsuliyyət bölgüsünün daha da dəqiqləşdirilməsi vacibdir. Belə bir yanaşma vətəndaş müraciətlərinə baxılmasında operativliyin artırılmasına, idarəetmədə təkrarlığın və səlahiyyətlərin qeyri-müəyyənliyindən irəli gələn çətinliklərin aradan qaldırılmasına şərait yarada bilər.
Bu baxımdan, ilk növbədə, bələdiyyələrin qanunla müəyyən edilmiş səlahiyyətlərinin icrası üçün mövcud maliyyə və institusional imkanların qiymətləndirilməsi, dövlət orqanları ilə qarşılıqlı fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsi, eləcə də əlavə səlahiyyətlərin verilməsi zamanı onların maliyyə təminatının əvvəlcədən müəyyənləşdirilməsi xüsusi diqqət tələb edir.
Digər mühüm məsələ bələdiyyələrin maliyyə potensialının artırılmasıdır. 2027-ci ilin dövlət büdcəsi layihəsində yerli büdcələrə 7,5 milyon manat dotasiya və 1 milyon 550 min manat subvensiya ayrılması nəzərdə tutulmuşdur. Bu vəsaitlərin yerli ehtiyacların qarşılanmasına təsirinin artırılması, xüsusilə maliyyə imkanları məhdud olan bələdiyyələrin dəstəklənməsi və yerli inkişaf layihələrinin həyata keçirilməsi baxımından maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsi zəruridir.
Bu məqsədlə dövlət büdcəsindən ayrılan dotasiyaların bölgüsündə qanunvericiliklə müəyyən edilmiş meyarların daha səmərəli tətbiqi, əhalinin sayı, yaşayış məntəqələrinin sosial-iqtisadi vəziyyəti, yerli büdcələrin gəlir imkanları və infrastruktur ehtiyaclarının obyektiv qiymətləndirilməsi vacibdir. Eyni zamanda, subvensiyaların ayrılmasında konkret layihələrin sosial-iqtisadi səmərəliliyinə, əhalinin həyat şəraitinə təsirinə və nəticələrin ölçülə bilməsinə üstünlük verilməsi məqsədəuyğundur.
Qeyd olunanlar nəzərə alınaraq, dövlət büdcəsindən bələdiyyələrə ayrılan dotasiya və subvensiyaların həcminin yerli ehtiyaclar və maliyyə imkanları nəzərə alınmaqla mərhələli şəkildə artırılması, habelə həmin vəsaitlərin bölgüsü və istifadəsi üzrə nəticəyönümlü mexanizmlərin gücləndirilməsi də vacib hesab olunur.
Bununla yanaşı, bələdiyyələrin maliyyə dayanıqlılığı yalnız dövlət büdcəsindən ayrılan vəsaitlərin artırılması ilə təmin edilə bilməz. Yerli vergilərin və ödənişlərin yığımının təkmilləşdirilməsi, bələdiyyə torpaqlarından və digər əmlakından səmərəli istifadə, əlavə qanuni gəlir mənbələrinin formalaşdırılması və maliyyə idarəçiliyində şəffaflığın artırılması da bu baxımdan xüsusi aktuallıq kəsb edir.
Bu sahədə həyata keçirilən rəqəmsallaşma tədbirlərinin davam etdirilməsi, yerli vergi və ödənişlərin uçotunun təkmilləşdirilməsi, bələdiyyə büdcələrinin icrası üzrə hesabatlılığın artırılması və maliyyə idarəçiliyi sahəsində kadr potensialının gücləndirilməsi yerli büdcələrin gəlir imkanlarının genişlənməsinə töhfə verə bilər.
Bələdiyyələrin regional inkişafda rolunun artırılması üçün onların yerli iqtisadi inkişaf proqramlarının hazırlanmasında və həyata keçirilməsində iştirak imkanları da genişləndirilməlidir. Bələdiyyə mülkiyyətindən iqtisadi məqsədlər üçün səmərəli istifadə, kiçik sahibkarlığın təşviqi, kənd təsərrüfatı və yerli istehsal təşəbbüslərinin dəstəklənməsi, eləcə də investisiya layihələrinin həyata keçirilməsində dövlət və özəl sektorla əməkdaşlıq bu baxımdan əhəmiyyətli imkanlar yaradır. Belə bir yanaşma yerli iqtisadi fəallığın artmasına, yeni məşğulluq imkanlarının yaranmasına və bələdiyyələrin gəlir bazasının genişlənməsinə xidmət edə bilər.
Ümumilikdə, regionların dayanıqlı inkişafı üçün yerli özünüidarəetmənin institusional və maliyyə əsaslarının gücləndirilməsi mühüm əhəmiyyət daşıyır. Bələdiyyələrin fəaliyyət imkanlarının genişləndirilməsi, səlahiyyətlərin icrası üçün adekvat maliyyə təminatının yaradılması və yerli iqtisadi təşəbbüslərin dəstəklənməsi bu istiqamətdə aparılan islahatların əsas tərkib hissəsi olmalıdır.
Beləliklə, qeyd olunan məsələlərin 2027-ci ilin dövlət büdcəsində nəzərə alınması, eləcə də yerli özünüidarəetmə sahəsində qanunvericiliyin və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi regionların iqtisadi potensialının daha səmərəli reallaşdırılmasına, əhalinin rifahının yüksəldilməsinə və bütövlükdə ölkəmizin davamlı inkişafına mühüm töhfə verəcəkdir.
Siyavuş Novruzov
Milli Məclisin Regional məsələlər komitəsinin sədri


