Gələn il üçün Hesablama Palatasının xərclər smetasının ümumi məbləğinin 90,3%-ni əməyin ödənişi xərcləri təşkil edir.
Bu barədə Palatadan bildirilib.
Məlumata görə, bu xərclər hesabına 197 ştat vahidi (7 nəfər üzv və 190 əməkdaş olmaqla ) üçün əməkhaqqı və müvafiq ayırmalar proqnozaşdırılıb.
Xərclər smetasının 7,1%-ni malların (işlərin və xidmətlərin) satınalınması təşkil edir. “Malların (işlərin və xidmətin) satınalınması” bölməsi üzrə 2027-ci ildə 21 adda satınalmanın keçirilməsi nəzərdə tutulub. Eyni zamanda, növbəti ildə ölkədaxili ezamiyyə xərclərində cüzi artım proqnozlaşdırılmışdır. 2027-ci ildə ezamiyyə xərclərinin artımı adam-gün sayının artması fonunda müəyyən edilib. (təxmini olaraq 700 gün). Eyni zamanda, “Dövlət auditi” jurnalının il ərzində 4 nömrəsinin, eləcə də rəy, hesabat və xülasələrin çapı bu xərclər hesabına təmin ediləcəkdir.
2027-ci ildə sosial ödənişlərdə 2026-cı ilin göstəriciləri ilə müqayisədə artım gözlənilir. Pensiyaya çıxacaq şəxslərin sayı 5 nəfər olmaqla cari illə müqayisədə dəyişməz qalsa da, artım hesablanacaq müavinətin məbləği ilə bağlıdır.
Qeyri-maliyyə aktivləri üzrə xərclərdə (bölüşdürülməmiş xərclərdən ayrılacaq vəsait nəzərə alınmadan) 2026-cı illə müqayisədə azalma proqnozlaşdırılır.
Qeyd edək ki, 2027-ci ilin dövlət büdcəsində Hesablama Palatasının xərclər smetası üçün 14,3 milyon manat nəzərdə tutulub. Beləliklə bu məbləğin təqribən 12,9 milyon manatı əməyin ödənişi xərcləri üçün ayrılacaq.
Plat.az


