Ağdaşda gənclərin xaricdə təhsil imkanları ilə bağlı məlumatlandırılması məqsədilə görüş keçirilib.
Görüşdə Elm və Təhsil Nazirliyinin Dövlət Proqramı İdarəetmə Qrupunun Akademik fəaliyyət və tələbə qəbulu şöbəsinin müdiri Vüsalə Niftəliyeva çıxış edib.
Tədbirdə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” barədə ətraflı məlumat verilib. Dövlət Proqramının əsas məqsədləri, proqram çərçivəsində gənclər üçün yaradılan imkanlar, xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq üçün müəyyən edilmiş tələblər və müraciət qaydaları diqqətə çatdırılıb.
Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 12 avqust 2024-cü il tarixli 248 nömrəli Sərəncamı ilə Dövlət Proqramında dəyişiklik edilib və proqramın müddəti 2028-ci ilədək uzadılıb.
Görüş zamanı gənclərin xaricdə bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil almaq imkanları, seçim meyarları və proqramın əhatə etdiyi istiqamətlər barədə də məlumat verilib.
Tədbirdə iştirak edən gənclərin sualları cavablandırılıb, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşün gənclərin xaricdə təhsil imkanları barədə məlumatlılığının artırılması və Dövlət Proqramında iştirakla bağlı suallarının cavablandırılması baxımından əhəmiyyətli olduğu bildirilib.













