Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) təşəbbüsü ilə ölkədə oktyabrın 20-dən noyabrın 20-dək elan olunan “Uşaq Hüquqları Aylığı” çərçivəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) tədbir keçirilib.
Tədbirdə Ombudsman Aparatının Bərabərlik və ayrı-seçkilik üzrə monitorinq şöbəsinin Uşaq hüquqlarının müdafiəsi sektorunun böyük məsləhətçisi Azər İsalı bildirib ki, uşaq hüquqlarının qorunması Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Onun sözlərinə görə, ölkəmizdə hər bir uşağın hüquqlarının qorunması, sağlam və təhlükəsiz mühitdə böyüməsi üçün kompleks işlər həyata keçirilir. Uşaqların rifahı, təhsili, sağlamlığı və təhlükəsiz gələcəyi daim diqqət mərkəzində olmalıdır. Bütün bunlar uşaqların hüquqlarının etibarlı müdafiəsinə və onların layiqli həyat şəraitinin təmin olunmasına xidmət edir.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) eksperti, həkim-diyetoloq Tutu Zeynalova uşaqların sağlam qidalanmasının əhəmiyyətindən danışıb, bu sahədə diqqət yetirilməli əsas məqamları diqqətə çatdırıb. O, uşaqlarla interaktiv söhbət apararaq sağlam qidalanma vərdişlərinin formalaşdırılmasının vacibliyini vurğulayıb və onları bu istiqamətdə maarifləndirib.
Tədbir çərçivəsində uşaq yazarı Mehriban Nağıyevanın müəllifi olduğu “Əsmərin sehrli zənbili” nağılı əsasında hazırlanan animasiya filmi nümayiş etdirilib.
İştirakçılar uşaqların sağlam qidalanma mövzusunda çəkdikləri rəsmlərlə tanış olublar. Sonda tədbirdə iştirak edən uşaqlara sertifikat və hədiyyə təqdim olunub.


