Azərbaycanda 1990-cı illərdən bəri sürətlə inkişaf edən özəl tikinti sektorunda minlərlə vətəndaşın fırıldaqçı şirkətlərin qurbanına çevrilməsi hələ də ən ciddi aktual problemlərdən biri olaraq qalır. Vahid nəzarət mexanizminin olmamasından yararlanan bəzi şirkətlərin eyni mənzili bir neçə nəfərə təkrarən satması nəticəsində 5 mindən çox şəxs külli miqdarda maddi zərərə uğrayıb.
Problemin həlli üçün məsələ artıq Milli Məclisdə də müzakirəyə çıxarılıb. Yeni qanun layihəsi ilə Azərbaycanda daşınmaz əmlakın dövlət qeydiyyatı müddətinin 10 iş günündən 1 iş gününə endirilməsi, tikilməkdə olan binalarda eyni mənzilin fərqli şəxslərə satılmasının (fırıldaqçılığın) qarşısının alınması üçün hüquqların öncədən reyestrdə qeydiyyatı və uzun illərdir hüquqi statusu olmayan sənədsiz evlərlə torpaq sahələrinin leqallaşdırılması hədəflənir.
Bəs tikinti şirkətlərinin vətəndaşları bu cür aldatmasının hüquqi boşluqları hansılardır? Problemin birdəfəlik həlli kimi təklif edilən vahid mənzil reyestri sistemi və alqı-satqı səlahiyyətinin şirkətlərdən alınması mexanizmi bazarda etimadı bərpa edəcəkmi?
Plat.az mövzu ilə bağlı əmlak məsələləri eksperti Elnur Fərzəliyevin fikirlərini öyrənib. E.Fərzəliyev bildirib ki, Azərbaycanda çoxmənzilli yaşayış binalarının tikintisi, xüsusilə özəl sektor tərəfindən, 90-cı illərdən sonra başlayıb və bu günə qədər minlərlə yeni çoxmənzilli bina tikilərək vətəndaşlara təhvil verilib:
“Digər tərəfdən məsələyə baxsaq, bu illər ərzində minlərlə bina tikilib təhvil verilsə də, çox sayda, yəni minlərlə vətəndaş bəzi fırıldaqçı tikinti şirkətlərinin qurbanına çevrilib. Rəsmi mənbələrə görə, 5 mindən artıq zərərçəkmiş vətəndaş var ki, onlar eyni mənzilin 2-3 nəfərə satılması halları ilə üzləşib və həmin şəxslərə külli miqdarda maddi zərər dəyib. Onların böyük bir qisminin zərəri qarşılansa da, bir qismi hələ də zərərçəkmiş kimi qalmaqdadır”.
Ekspert eyni mənzilin bir neçə nəfərə natılmasının səbəbini belə izah edib:
“Bunun əsas səbəblərindən biri ondan ibarətdir ki, tikinti şirkətləri binaları inşa edərkən aidiyyəti dövlət qurumlarından lazımi icazələri, yəni sənədlər toplusunu alırlar. Lakin onların satdıqları mənzillərin vahid reyestri aparılmadığı üçün şirkət, istəsə, bir mənzili bir neçə nəfərə sata bilir. Əgər şirkətin vətəndaşı aldatmaq niyyəti varsa, bina tikilib başa çatana qədər həmin mənzilləri müxtəlif şəxslərə satır və vətəndaşların bundan xəbəri olmur”.
Bəs reyestr sisteminin yaradılması və alqı-satqı hüququnun şirkətdən alınması problemi həll edə bilərmi? Mütəxəssis bu sualın da cavabını verib:
“Problemin yeganə həlli mənzil reyestrinin yaradılmasıdır. Yəni, tikinti şirkəti binanı inşa edərkən mənzillərlə bağlı bütün məlumatları həmin portalda (reyestrdə) yerləşdirməlidir. Ən əsası, alqı-satqı hüququ tikinti şirkətindən alınmalıdır.
Əgər alqı-satqı hüququ tikinti şirkətindən alınaraq müvafiq dövlət qurumu tərəfindən reyestr üzərindən həyata keçirilərsə, şirkətin bir mənzili digər şəxslərə satmaq imkanı aradan qalxacaq. Bu addım həm də vətəndaşlar arasında böyük bir etimad yaradacaq və alıcıların sayını kütləvi surətdə artıracaq. Çünki vaxtilə o qədər vətəndaş aldadılıb ki, hazırda insanlar binanın tikilib başa çatmasını, hətta çıxarış verilməsini gözləyirlər ki, sonra mənzil alsınlar. Bu da mənzillərin daha baha satılmasına gətirib çıxarır.
Əgər reyestr yaradılarsa və vətəndaş mənzil alarkən sistem üzərindən həmin mənzilin kimə məxsus olduğunu görə bilsə, mənzil sahibinin razılığı və iştirakı olmadan həmin mənzil artıq heç kimə satıla bilməz”.
Bəs bu reyestrdən sonra fərqli hər hansı bir vasitə ilə yenidən aldadılma hallarına rast gəlinə bilər, yoxsa reyestr artıq bütün hallarda bunun qarşısını alır? Ekspert bu barədə də danışıb:
“Xeyr, reyestr aparılarsa, artıq satma öhdəliyi şirkətdən alınır. Şirkət mənzili satır, lakin rəsmi alqı-satqı müvafiq dövlət qurumu tərəfindən aparılır. Reyestrdən çıxarış olmadan və vətəndaşın razılığı alınmadan şirkət o mənzili heç bir halda sata bilməz”.


