“TEF Constructi̇on” MMC ilə bağlı məhkəmə qərarı çıxarılıb.
Mərkəzi Bank tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə protokol tərtib edilib və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.
Protokola əsasən, “TEF Constructi̇on” MMC 2024-cü il tarixdə xaricə 1 200 000 ABŞ dolları məbləğində vəsait köçürüb. Həmin vəsait hesabına alınması nəzərdə tutulan mallar iki il müddət keçməsinə baxmayaraq Azərbaycana idxal edilməyib və xaricə köçürülən valyuta vəsaiti geri qaytarılmayıb.
Məhkəmə iclasında MMC-nin nümayəndəsi nümayəndə şirkətin inzibati məsuliyyətə cəlb edilməsinə etiraz edib. Nümayəndə bildirib ki, 2024-cü ildə “TEF Constructi̇on” MMC ilə Türkiyədə fəaliyyət göstərən “TEFO İNŞAAT İÇ VE DIŞ TİCARET ANONİM ŞİRKET” arasında alqı-satqı müqaviləsi bağlanıb. Müqaviləyə əsasən, həmin şirkətin hesabına 1 200 000 ABŞ dolları köçürülüb. Nümayəndənin sözlərinə görə, mallar Azərbaycana göndərilməzdən əvvəl “TEF Constructi̇on” MMC-nin direktoru Türkiyəyə gedərək məhsulların keyfiyyəti ilə tanış olub. Baxış zamanı malların qüsurlu və keyfiyyətsiz olduğu müəyyən edildiyindən onların qəbulundan imtina edilib. Bundan sonra tərəflər arasında ödənilmiş 1 200 000 ABŞ dollarının geri qaytarılması ilə bağlı danışıqlar aparılıb.
Qeyd edilib ki, MMC ilə “TEFO İNŞAAT İÇ VE DIŞ TİCARET ANONİM ŞİRKET” arasında pulun geri qaytarılması ilə bağlı yazışmalar aparılıb və 2026-cı ildə bank köçürməsi ilə əlaqədar sənədlər qarşı tərəfə göndərilib. Lakin Türkiyə şirkətinin maliyyə problemləri səbəbindən ödənilmiş məbləğ dərhal geri qaytarılmayıb. Nəticədə 1 200 000 ABŞ dolları “TEF Constructi̇on” MMC-nin bank hesabına geri qaytarılıb və həmin vəsait şirkətin hesabına köçürülüb.
Şirkətin nümayəndəsi hesab edib ki, malların iki il ərzində idxal edilməməsində və köçürülmüş məbləğin vaxtında geri qaytarılmamasında “TEF Constructi̇on” MMC-nin təqsiri yoxdur. Bu səbəbdən o, şirkət barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edib.
İş materiallarında olan və məhkəmə tərəfindən araşdırılan sənədlər arasında 2024-cü il tarixli müqavilə də olub. 2024-cü il tarixli pul köçürməsi haqqında sənədin surətinə əsasən isə “TEF Constructi̇on” MMC tərəfindən bank hesabından Türkiyə şirkətinin hesabına 1 200 000 ABŞ dolları vəsait köçürülüb.
Məhkəmənin araşdırdığı 2026-cı il tarixli bank çıxarışında isə həmin 1 200 000 ABŞ dollarının “TEFO İNŞAAT İÇ VE DIŞ TİCARET ANONİM ŞİRKET” tərəfindən “TEF Constructi̇on” MMC-nin bank hesabına geri qaytarıldığı göstərilib.
Bundan başqa, Türkiyə şirkəti tərəfindən MMC-yə ünvanlanmış 2026-cı il tarixli məktub da iş materiallarına əlavə edilib. Məktubda tərəflər arasında 2026-cı il tarixdə ümumi satınalma müqaviləsinin bağlandığı, həmin müqaviləyə əsasən invoysda göstərilən malların göndərilməsinin nəzərdə tutulduğu qeyd olunub. Lakin məktuba əsasən, malların qüsurlu olması səbəbindən onların göndərilməsi həyata keçirilməyib.
Tərəflər arasında aparılan danışıqlar nəticəsində mallar üçün əvvəlcədən ödənilmiş pul vəsaitinin geri qaytarılması tələb olunub. Türkiyə şirkəti isə maliyyə problemləri səbəbindən vəsaiti vaxtında qaytara bilmədiyini və pulun 2026-cı il tarixdə “TEF Constructi̇on” MMC-nin hesabına geri qaytarıldığını bildirib.
Beləliklə, iş üzrə əsas mübahisə xaricə köçürülən 1 200 000 ABŞ dolları vəsait hesabına malların ölkəyə idxal edilməməsi və pulun müəyyən edilmiş müddətdə geri qaytarılmaması ilə bağlı olub.
Məhkəmə iş materiallarını və təqdim olunan sübutları araşdıraraq “TEF Constructi̇on” MMC-nin barəsində İXM-in 430.4-cü maddəsi ilə tərtib edilən inzibati xəta haqqında protokola dair təqsirinin müəyyən edilmədiyi qənaətinə gəlib. Bu əsasla məhkəmə MMC barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edib.
Qeyd edək ki, “TEF Constructi̇on” MMC 2024-cü ildə yaradılıb, nizamnamə kapitalı 10 manat təşkil edir. Şirkətin direktoru Məmmədli Nicat Firdovsi oğludur.
Plat.az


