2022-ci ilin I rübü Azərbaycan üçün müsbət və əlamətdar nəticələrlə yadda qalmışdır. Həm ölkədaxili məsələlərdə-iqtisadi balansın qorunmasında, həm diplomatik və siyasi məsələlərdə, həm də Qarabağa Böyük Qayıdış layihəsində-azad edilmiş torpaqlarımızda tikinti-bərpa işlərinin reallaşması üzrə mühüm işlər görülmüş, gərəkli başlanğıclar üçün addımlar atılmışdır.
Bütün bu məsələlər ölkə başçısı möhtərəm Prezidentimiz İlham Əliyevin sədrliyi ilə aprelin 12-də keçirilən bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədəki çıxışında da qeyd olunmuş, görülən işlər, icra olunmalı və qarşıda duran məsələlər haqqında danışılmış, fikir mübadiləsi, müzakirələr aparılmışdır. Müşavirədə, həmçinin, postmünaqişə dövründə beynəlxalq müstəvidə əldə olunan nəticələr, reallıqlar və qarşıda duran vəzifələr-Azərbaycanın BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, eləcə də, Avropa İttifaqı ilə əməkdaşlığın müsbət nəticələrindən danışılmış, dünyanın aparıcı beynəlxalq təşkilatları ilə əlaqələrdə fəallığın daha da artırılması, ölkə mənafeyi nəzərə alınmaqla yeni diplomatik münasibətlərin əldə olunması ilə bağlı işlərin qurulması vurğulanmışdır. Atıq Qarabağın işğaldan azad olunmasından 2 il’ yaxın bir müddət ötür. 30 ilə yaxın nəticəsiz qalan danışıqlar, Azərbaycanı güc yolu ilə, qan bahasına öz suverenliyini qorumağa sövq etdi. Qeyrətli, qəhrəman oğullarımız sayəsində torpaqlarımız düşməndən geri alınaraq, uzun illər əzab çəkən yurdumuzu erməni işğalından cəmi 44 günə azad etdi. Belə ki, Azərbaycan öz gücü və qüvvəti sayəsində keçmişdə qalmış “Qarabağ münaqişəsi”ni həll etdi, “Dağlıq Qarabağ” statusunu tarixə gömərək, regiona sülh və əmin-amanlıq şansı bəxş etdi. Önümüzdə isə artıq bir məsələ durur, sülh sazişinin bağlanması və qonşu ölkə ilə əlaqələrin normallaşdırılması prosesinin həyata keçirilməsi.
Bu isə bəlkə də, qarşı tərəfin yüzillərin xülyasından oyanmaqla, öz “xəstəliyindən” birdəfəlik əl çəkməklə başa gələ bilər. Bəli, istəsə də, istəməsə də erməni tərəfi bunu birmənalı şəkildə dərk etməli, bü günki reallıqla barışmalıdır. Ən azından məhz Azərbaycan sayəsində, vaxtilə onun torpaqları çərçivəsində qurduğu dövlətini məhv olmaqdan xilas etmək üçün bunu etməli, millətinin xilası naminə bu yola baş vurmalıdır.
Bölgədə sabitliyin bərqarar olunması üçün sülh sazişini imzalamalı və möhtərəm Preidentimiz İlham Əliyevin 6 aprel Brüssel görüşündən öncə təqdim etdiyi 5 prinsipdən ibarət sənəddəki müddəaları qeyd-şərtsiz qəbul etməlidir. Bəli, Ermənistan nəhayət başa düşməlidir ki, bu onlar üçün son şansdır, bundan sonra, Azərbaycanla, qardaş və müttəfiqi Türkiyə ilə əlaqələri normallaşdırmadan inkişaf edə bilməz, dövlət olaraq varlığını belə təhlükə altında qoyar. Bəli, Azərbaycan, yalnız öz gücü və qüdrəti sayəsində Qarabağı düşmən işğalından qurtardı. Bu gün isə dövlətimiz, düşmənin xarabaya çevirdiyi dilbər güşəmizin yenidən güllük-gülüstana çevrilməsi, gözəl Qarabağımızın nümunəvi bir məkana dönüşməsi üçün öz gücü və qüvvəti sayəsində əlindən gələni etməyə çalışır, sülhsevər ölkəmizin, humanist millətimizin şanını bütün dünyada tanıtdırmağa səy göstərir.
Artıq Qarabağda yeni infrastrukturlar, böyük aeroportlar, yeni yollar, sosial obyektlər və yeni yaşayış yerləri tikilir, ağıllı kəndlər, gözəl istirahət məkanları salınır. Qeyd etmək lazımdır ki, artıq Qarabağın şəhər və qəsəbələrinin baş planları da hazırlanmış, bu planlar əsasında böyük işlərə start verilmişdir. Tikilmiş yeni elektrik stansiyaları istifadəyə verilmiş, bununla yanaşı, külək və günəş enerjisindən alınan və digər yeni stansiyalar da istifadəyə veriləcəkdir. Müşavirədə qeyd olunan və qısa müddətdə başa gələn bütün bu fəaliyyəti və effektli quruculuq işlərinin həyata keçirilməsini eşitmək əlbəttə ki, xalqımızı çox qürurlandırır. Bu həm də tarixi torpaqlarımıza sahibliyimizin və yurd məhəbbətimizin böyük təcəssümüdür. Bu işlərin aparılması isə əlbəttə ki, son dərəcə çətindir, çoxlu mütəxəssislər, böyük vəsaitlər və xərc tələb olunur.
Bunun üşün Möhtərəm Prezidentimiz müşavirədə sahibkarlara çağırış edərək, dövlət hesabına görülən işlərlə yanaşı, ölkədə sahibkarlığın da inkişafını nəzərə alaraq, bu layihələrdə onların iştirakının vacibliyini vurğulamışdır. Dövlət başçısı, həmçinin, burada torpaqların əkilib-biçilməsi məsələsinə də toxunmuş, bu minvalla ölkə əhalisinin kənd təsərrüfatı məhsullarına olan təlabatının ödənilməsində böyük rolunun olacağını qeyd etmişdir. Bu məsələlər, əlbəttə ki, dünyada baş verən ərzaq qıtlığının da ölkəmizə təsirinin azaldılmasına, qarşısının müəyyən dərəcədə alınmasına gətirib çıxaracaqdır. Lakin, bunu da unutmamaq lazımdır ki, nə qədər ki, ermənilər bir millət və dövlət olaraq, öz məkrli xislətindən, zəhərli millətçilik ideyalarından arınmayıb, əbədi sülhə nail olunması mürəkkəb proses olaraq qalacaqdır. Bu məqsədlə, postmünaqişə dövründə də dövlətimiz tərəfindən hərbi məsələlərin həlli diqqət mərkəzində tutulur, bu sahəyə önəmli vəsait ayrılması davam edir. Belə ki, ordu quruculuğu, yeni silahların, texnikaların alınması, ordumuzu daha da gücləndirmək, daha da müasirləşdirmək məqsədilə bu sahədə struktur islahatlarının aparılması, yeni qoşun-Komando növünün yaradılması və Vətən Müharibəsində böyük xidmətləri olmuş, xüsusi qəhrəmanlıq göstərmiş Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətinin sayının artırılması nəzərdə tutulmuşdur.
Bəli xalqımız, Qarabağ tarixini, düşmənin burada törətdiyi vandalizmi, nəinki millətimizə, həmçinin, torpaqlarımıza qarşı vəhşi münasibətini unutmamalı, daim ayıq olmalı, bir vətəndaş olaraq, dövlətçiliyimizin keşiyində durmalı, öz vəzifəsi gərəyində dövlət maraqlarının qorunması üşün çalışmalı, hər zaman gərəkli töhfələrini bəxş etməlidir. Azərbaycanın və Azərbaycan xalqınını niyyəti məlumdur – sülh və əmin-amanlıq çərçivəsində yurdumuzun bərpası və çiçəklənməsinin həyata keçirilməsi. Bu işdə Möhtərəm Prezidentimizə yeni-yeni uğurlar, dövlətimizin çiçəklənməsi yolundakı fəaliyyətində böyük nailiyyətlər diləyirik!
Nəzakət Məmmədova;
Neftçala rayon sakini, ictimai fəal, yazar


