İnsan hüquqlarının və azadlıqlarının qorunması, vətəndaşların pozulmuş hüquqlarının bərpasına dəstək göstərilməsi, dövlət-vətəndaş münasibətlərində hüquqi mexanizmlərin gücləndirilməsi hər bir demokratik cəmiyyətin mühüm vəzifələrindəndir. Bu prosesdə Ombudsman institutu xüsusi yer tutur. Vətəndaşların müraciətlərinin dinlənilməsi, hüquqlarının müdafiəsi, dövlət qurumlarının fəaliyyətinə insan hüquqları prizmasından yanaşılması və hüquqi maarifləndirmənin genişləndirilməsi bu təsisatın əsas fəaliyyət istiqamətləridir.
Bu baxımdan Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın yenidən bu vəzifəyə seçilməsi onun rəhbərliyi ilə həyata keçirilən fəaliyyətin növbəti yeddi il ərzində davam etdirilməsi üçün yeni mərhələ açır.
Milli Məclisin bugün keçirilən plenar iclasında Səbinə Əliyeva yenidən Ombudsman seçilib. O, 2019-cu il noyabrın 29-dan bu vəzifəni icra edir. Qanunvericiliyə əsasən, Müvəkkil yeddi il müddətinə seçilib.

Vətəndaş müraciətləri və hüquqların müdafiəsi
Səbinə Əliyevanın Ombudsman kimi fəaliyyətinin əsas istiqamətlərindən biri vətəndaşların müraciətlərinə baxılması, onların hüquq və azadlıqlarının müdafiəsi, eləcə də pozulmuş hüquqların bərpası istiqamətində müvafiq tədbirlərin görülməsidir.
Bu sahədə vətəndaşlarla birbaşa ünsiyyətə xüsusi önəm verilir. Səbinə Əliyeva mütəmadi olaraq fərdi vətəndaş qəbulları keçirir, müraciət edən şəxslərin problemlərini dinləyir, onların həlli üçün aidiyyəti dövlət qurumları ilə əlaqələndirmə aparır. Bəzi məsələlərin operativ həlli məqsədilə yerində tədbirlər görülür, əlavə araşdırma tələb edən müraciətlər isə nəzarətdə saxlanılır.

Vətəndaşların müraciət imkanlarının genişləndirilməsi baxımından Ombudsman Aparatında fəaliyyət göstərən 24 saatlıq “916” Çağrı Mərkəzi də mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, elektron poçt, sosial şəbəkələr və digər kommunikasiya vasitələri ilə müraciətlərin qəbulu vətəndaşların təsisatla əlaqəsini asanlaşdırır.
Bu mexanizmlərin əhəmiyyəti ondadır ki, insan hüquqlarının müdafiəsi yalnız rəsmi müraciətlərə cavab verilməsi ilə məhdudlaşmır. Əsas məqsəd vətəndaşın üzləşdiyi problemin mahiyyətinin araşdırılması və qanunvericiliyə uyğun həllinə nail olunmasıdır.
Uşaq, qadın və həssas əhali qruplarının hüquqları diqqət mərkəzində
Səbinə Əliyevanın rəhbərliyi dövründə diqqət yetirilən istiqamətlərdən biri də cəmiyyətin xüsusi müdafiəyə ehtiyacı olan təbəqələrinin hüquqlarının qorunmasıdır.
Uşaqların, əlilliyi olan şəxslərin, yaşlıların, miqrantların və digər həssas qrupların hüquqlarının müdafiəsi Ombudsman təsisatının fəaliyyətində mühüm yer tutur.
Xüsusilə uşaq hüquqlarının qorunması, təhsil və sosial müəssisələrdə uşaqların vəziyyətinin öyrənilməsi, onların təhlükəsiz və sağlam mühitdə yaşamaq, təhsil almaq və inkişaf etmək hüquqlarının təmin olunması istiqamətində monitorinqlər keçirilir.

Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası, ictimai infrastrukturun onlar üçün əlçatanlığı, bərabər imkanların yaradılması və ayrı-seçkiliyin qarşısının alınması da diqqət mərkəzindədir. Bu istiqamətdə xüsusi monitorinq qruplarının yaradılması və müstəqil monitorinq mexanizmlərinin tətbiqi təsisatın fəaliyyətinin əhatə dairəsini genişləndirən addımlardandır.
Azadlıqdan məhrum edilmiş şəxslərin hüquqlarının müdafiəsi
Ombudsman institutunun vacib fəaliyyət istiqamətlərindən biri də cəzaçəkmə müəssisələrində, müvəqqəti saxlanma yerlərində və digər qapalı müəssisələrdə saxlanılan şəxslərin hüquqlarının qorunmasıdır.
Bu məqsədlə Milli Preventiv Mexanizm çərçivəsində mütəmadi başçəkmələr həyata keçirilir. Monitorinqlər zamanı saxlanma şəraiti, tibbi xidmətin təşkili, qidalanma, sosial-məişət təminatı, şəxslərlə rəftar və digər məsələlər araşdırılır.
Məsələn, 2026-cı ilin sentyabrında Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri 6 və 12 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrində monitorinqlər keçiriblər. Başçəkmələr zamanı məhkumların fərdi qəbulu təşkil olunub, onların müraciətləri dinlənilib və hüquqi məsləhətlər verilib.
Ombudsman
Bu fəaliyyətin əsas mahiyyəti ondan ibarətdir ki, azadlıqdan məhrum edilmə şəxsin digər fundamental hüquqlarını itirməsi demək deyil. İnsan ləyaqətinə hörmət, qanuni rəftar və tibbi-sosial təminat hər bir halda qorunmalıdır.
Beynəlxalq əməkdaşlıq və Azərbaycanın təcrübəsinin təqdimatı
Səbinə Əliyevanın fəaliyyətində beynəlxalq əlaqələrin inkişafı da xüsusi yer tutur. Azərbaycan Ombudsman təsisatının beynəlxalq təşkilatlarla, müxtəlif ölkələrin ombudsman institutları və insan hüquqları üzrə milli qurumları ilə əməkdaşlığı təcrübə mübadiləsi və hüquqların müdafiəsi mexanizmlərinin təkmilləşdirilməsi baxımından əhəmiyyətlidir.

O, 2023-cü ildə Asiya Ombudsmanlar Assosiasiyasının vitse-prezidenti, həmçinin İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının İdarə Heyətinin üzvü seçilib. Bu təmsilçilik Azərbaycanın insan hüquqları sahəsində beynəlxalq əməkdaşlıq platformalarında iştirakının genişləndirilməsi baxımından diqqətəlayiqdir.
2026-cı ilin mayında İtaliyada keçirilən Ombudsmanların Beynəlxalq Konfransında iştirak edən Səbinə Əliyeva rəqəmsallaşmanın insan hüquqları sahəsində yaratdığı yeni çağırışlara toxunub. Xüsusilə şəxsi məlumatların qorunması, rəqəmsal bərabərlik, dezinformasiya və kibertəhdidlərin insan hüquqlarına təsiri məsələlərini gündəmə gətirib.
Onun çıxışında müasir texnologiyaların insan hüquqlarının müdafiəsində yaratdığı imkanlarla yanaşı, bu sahədə meydana çıxan yeni risklərin də nəzərə alınmasının vacibliyi vurğulanıb.
İllik məruzələr və sistemli yanaşma
Ombudsmanın fəaliyyətində hesabatlılıq da mühüm yer tutur. Qanunvericiliyə uyğun olaraq, Müvəkkil hər il ölkədə insan hüquqlarının qorunması vəziyyəti ilə bağlı məruzə hazırlayır və Milli Məclis qarşısında çıxış edir.
Səbinə Əliyeva 2026-cı il martın 3-də 2025-ci il üzrə illik məruzəsini parlamentdə təqdim edib. Məruzədə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində görülən işlər, mövcud problemlər, müxtəlif əhali qruplarının hüquqlarının təmin olunması vəziyyəti və gələcək fəaliyyət istiqamətləri əksini tapıb.
Sənəddə hüquqların daha səmərəli qorunması məqsədilə müvafiq dövlət qurumlarına ünvanlanan təklif və tövsiyələr də yer alıb.

Burada vacib məqam ondan ibarətdir ki, illik məruzələr yalnız ötən dövrün fəaliyyətinin yekunu deyil, eyni zamanda, hüquqi və institusional problemlərin müəyyənləşdirilməsi, onların aradan qaldırılması üçün təkliflərin hazırlanması baxımından da əhəmiyyətlidir.
Yeni yeddi ildə qarşıda hansı vəzifələr dayanır?
Səbinə Əliyevanın yenidən Ombudsman seçilməsi ilə insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyətin növbəti yeddi il ərzində davam etdirilməsi üçün hüquqi əsas formalaşıb.
Müasir dövrdə Ombudsman institutunun qarşısında duran vəzifələr daha da genişlənir. Rəqəmsal mühitdə şəxsi məlumatların qorunması, süni intellektin tətbiqi zamanı insan hüquqlarına riayət edilməsi, sosial bərabərliyin təmin olunması, uşaqların onlayn təhlükələrdən müdafiəsi, əlilliyi olan şəxslər üçün bərabər imkanların yaradılması yeni çağırışlar sırasındadır.
Eyni zamanda, vətəndaş müraciətlərinin daha çevik araşdırılması, şikayətlərə baxılmasının effektivliyinin artırılması, hüquqi maarifləndirmənin regionlarda genişləndirilməsi və dövlət qurumlarına verilən tövsiyələrin icrasının izlənilməsi xüsusi əhəmiyyət daşıyır.

Səbinə Əliyevanın qarşıdakı fəaliyyət dövründə əsas məsələlərdən biri də Ombudsman institutunun vətəndaşlar üçün əlçatanlığının artırılması, insan hüquqlarının müdafiəsi mexanizmlərinə ictimai etimadın möhkəmləndirilməsi və hüquq pozuntularının qarşısının alınması istiqamətində preventiv tədbirlərin gücləndirilməsi olacaq.
Nəticə etibarilə, Ombudsmanın fəaliyyəti yalnız hüquq pozuntusu baş verdikdən sonra müdaxilə etməkdən ibarət deyil. Bu təsisatın əsas missiyası həm də hüquq pozuntularının qarşısını almaq, vətəndaşların hüquqi müdafiə imkanlarını genişləndirmək və cəmiyyətdə insan hüquqları mədəniyyətini inkişaf etdirməkdir. Səbinə Əliyevanın ikinci dəfə bu vəzifəyə seçilməsi isə onun rəhbərliyi ilə formalaşmış fəaliyyət istiqamətlərinin davamı ilə yanaşı, yeni dövrün çağırışlarına uyğun əlavə məsuliyyət və gözləntilər də yaradır.
Orxan Kərimov


