Amerika Birləşmiş Ştatlarının Senatı “2023-cü il erməniləri müdafiə aktı”nı qəbul edib. Həmin aktın müəllifləri isə senatorlar Herri Piters, Robert Keysi, Bill Kessidi, Cin Şeyhin, Con Kennedi, Co Rikets, Marko Rubio və Kris Van Hollendir. Herri Piters isə o şəxsdir ki, 2023-cü ilin sentyabrında Ermənistanda səfərdə olan ABŞ nümayəndə heyətinə rəhbərlik etmişdi. ABŞ-dakı erməni lobbisi və ermənilərin diaspor təşkilatları ilə sıx əlaqədə olan bu şəxslərin müəllifi olduğu sənədin qərəzli olması hər birimizə məlumdur. Bu aktı qəbul edən ABŞ Konqresinin məqsədi Ermənistana dəstək vermək, qərəzli siyasət yürütməklə Azərbaycana təzyiq göstərməkdir.
İllər idi ki, Ermənistanın işğalçılıq siyasətinə, azərbaycanlılara qarşı törətdiyi soyqırıma göz yuman ABŞ Senatı 30 il ərzində təcavüzkar Ermənistana qarşı heç bir sanksiya qəbul etməyib, tam əksinə maliyyə yardımı ayıraraq ermənilərin Azərbaycan torpaqlarını işğal etməyinə yardım edib.
Azərbaycan işğalçı Ermənistandan fərqli olaraq kiminsə torpağına heç bir zaman göz dikməyib və öz dədə-baba torpaqlarını erməni işğalından azad edib.
Azərbaycan regionda sülhün və sabitliyin bərqərar olmasının tərəfdarıdır!
Vaşinqtonun Azərbaycana qarşı sərgilədiyi bu münasibətin qərəzli olduğunu, regionda sülhə və sabitliyə ciddi zərbə vuracağını bildirir, ABŞ Senatının 15 noyabr tarixli qərarını rədd edir və şiddətlə pisləyirəm.
Millət vəkili Jalə Əhmədova


