“Heydər Əliyev İli” çərçivəsində Berlin şəhərindəki Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən Almaniyadakı Azərbaycanlı Həkimlərin II Forumu Azərbaycan adına daha bir ilkə imza atdı.
Belə ki, bu Forum ölkədən kənarda çalışan azərbaycanlı həkimlərin Avropada keçirilən ən böyük toplantısı kimi tarixə düşdü. Daha bir ilk isə Almaniyada ən yüksək elmi titullu və beynəlxalq arenada aktiv elmi və praktik fəaliyyətlə məşğul olan bu qədər azərbaycanlı həkimlərin ilk dəfə bir araya gəlməsi və onlardan bir çoxunun məruzəçi olması idi. Tədbirə 70-dən çox şəhərdən 200-dən çox qonağın qatılması bir daha onu göstərdi ki, Forumun bu günə qədər istər Almaniyada, istərsə də Azərbaycanda olan fəaliyyəti, eləcə də milli-mənəvi və dövlətçilik dəyərlərimizə hər zaman sadiqlik nümunəsi həkimlərimiz tərəfindən sevilir. Həkimləri qürurlandıran digər məqam isə dövlətimizin dəstəyini hər zaman görməkdir ki, bu da onlarda ruh yüksəkliyi yaradır və qəti addımlarla məqsədlərə doğru irəliləməyə sövq edir.
Forumun bundan sonrakı əsas fəaliyyət istiqamətlərindən biri də xaricdə çalışan azərbaycanlı həkimlər arasında əlaqəni daha da sıxlaşdırmaq, onlarla ölkəmizin bu sahədə fəaliyyət göstərən qurumları arasında daha sıx əlaqələrin qurulmasında və xaricdə yaşayan azərbaycanlı həkimlərin milli səhiyyə sisteminin inkişafında görülən işlərə töhfə verməsinə dəstək göstərmək olacaq.
Məhz bu kimi fəaliyyət istiqamətlərində daha da uğurlu olmaq üçün tədbir iştirakçıları ilə birgə çox önəmli bir qərar verildi və Almaniyadakı Azərbaycanlı Həkimlərin Forumunun İdarə Heyəti yaradıldı. İdarə Həyetinə sədr Elvin Hüseynov, sədr müavinləri isə Narmin Talıbova, Gülşən Əhmədli və Nicat Nasirov seçildi.
Bütün bunları nəzərə alaraq deyə bilərik ki, Almaniyadakı Azərbaycanlı Həkimlərin II Forumu Azərbaycan tibb tarixinə həm ilklərlə, həm də strateji olan çox önəmli qərarlarla düşdü.
Alyansın sədri
Nuran Abdullayev


