Bu yaxınlarda cərrahi əməliyyat olunmuşam. 3 gün xəstəxanada qalmışam. Həkimin göstərişi ilə daha 3-4 gün də evdə müalicə almalıyam. İndi deyirlər ki, evdə qaldığım günlərə görə dövlət tibb müəssisəsindən xəstəlik vərəqəsi alıb, iş yerinə verməliyəm. Bunun üçün mən nə etməliyəm?
Qeyd olunan məsələ ilə bağlı Bakı Baş Səhiyyə Mərkəzindən BAKU.NEWS-a bildirilib ki, əgər cərrahi əməliyyat olunubsunuzsa, xəstəlik vərəqəsinin açılması üçün əməliyyat haqda sənədlərinizi (epikriz və əmək qabiliyyəti olmaması vərəqəsini) ərazi üzrə ilkin səhiyyə xidməti müəssisəsindəki (şəhər poliklinikaları) həkim – məsləhət komissiyasına təqdim etməlisiniz. Sözügedən sənədləri həkim-məsləhət komissiyasına əlinizdə olan əmək qabiliyyəti olmaması vərəqəsində göstərilən sonuncu gün və ya 1 gün əvvəl təqdim etməyiniz vacibdir.
Poliklinikada mütəxəssis həkimlərin müayinələrinin nəticələri əsasında sizə xəstəlik vərəqəsi açılır və xəstəliyin ağırlıq dərəcəsinə görə xəstəlik vərəqəsinin uzadılması haqqında qərar qəbul edilir.
C.Quliyev


