Oktyabrın 7-də Avstriyanın paytaxtı Vyanada ölkənin ən nüfuzlu caz məkanlarından biri olan “Porgy & Bess” caz klubunda Azərbaycanın tanınmış musiqiçisi Tofiq Cabarov və rəhbərlik etdiyi “Bakuba” musiqi kollektivinin konserti keçirilib.
Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə təşkil olunan “In Memory of Rafig Babayev” adlı konsert Azərbaycanın görkəmli caz pianoçusu, bəstəkar və aranjimançı Rafiq Babayevin anadan olmasının 90 illiyinə həsr edilib.
Konsert proqramı başlamazdan əvvəl “Porgy & Bess” caz klubunun rəhbəri Kristof Huber çıxış edərək Azərbaycan Mədəniyyət Mərkəzinə uzunillik səmərəli əməkdaşlığa görə təşəkkürünü bildirib. O, Mərkəzin hər il fərqli musiqiçilər və rəngarəng konsert proqramları ilə klubun səhnəsində Azərbaycan caz sənətini təqdim etməsini yüksək qiymətləndirib.
Konsertdə Azərbaycan cazının görkəmli nümayəndələrindən olan Rafiq Babayevin yaradıcılıq irsi və milli caz sənətinin inkişafındakı müstəsna xidmətləri yad edilib. Qeyd olunub ki, Azərbaycan cazının özünəməxsus üslubunun formalaşmasında mühüm rol oynamış Rafiq Babayev milli musiqi ənənələrini müasir caz improvizasiyaları ilə ustalıqla birləşdirərək Azərbaycan musiqi mədəniyyətində silinməz iz qoyub.
Rafiq Babayevlə uzun illər birgə çalışmış, onun müxtəlif musiqi kollektivlərində çıxış etmiş Tofiq Cabarovun rəhbərlik etdiyi “Bakuba” ansamblı Azərbaycan cazının zəngin ənənələrini müasir musiqi istiqamətləri ilə birləşdirən proqram təqdim edib.
Konsertdə Tofiq Quliyev, Qara Qarayev, Tofiq Cabarov və digər Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib. Milli musiqi motivlərinin caz improvizasiyaları, Latın Amerikası və afro-Kuba ritmləri ilə vəhdəti dinləyicilərə Azərbaycan caz sənətinin üslub müxtəlifliyini nümayiş etdirib.
Gecədə Tofiq Cabarov (zərb alətləri), Nicat Aslanov (fortepiano), Firudin Həmidov (truba), Aydın Zeydullayev (alt-saksofon), Əli İbrahimzadə (gitara), Nicat Paşazadə (bas-gitara) və Həsən Bilalov (zərb alətləri) çıxış ediblər.
Musiqiçilərin peşəkar ifası, zəngin improvizasiyaları və Azərbaycan musiqisinə xas melodik xüsusiyyətlərin müasir caz üslubları ilə sintezi konsert proqramına xüsusi rəng qatıb.
Qeyd edək ki, Vyananın tanınmış caz məkanlarından olan “Porgy & Bess” klubunda Azərbaycan musiqiçilərinin çıxışlarının təşkili Azərbaycan Mədəniyyət Mərkəzinin Avstriyada milli musiqi irsinin tanıdılması və iki ölkə arasında mədəni əlaqələrin inkişafı istiqamətində həyata keçirdiyi fəaliyyətin mühüm istiqamətlərindən biridir.
Konsert proqramı klubun rəsmi internet səhifəsi vasitəsilə canlı yayımlanıb və Azərbaycan cazını beynəlxalq auditoriyaya təqdim etmək baxımından növbəti əlamətdar mədəni tədbir olub.
Xüsusi qeyd etmək lazımdır ki, Vyanaya səfərləri çərçivəsində musiqiçilər şəhərin tanınmış musiqi məkanlarından biri olan “Frau Mayer”də keçirilən jam session proqramında da iştirak ediblər. Musiqiçilərin improvizasiya xarakterli çıxışı fərqli dinləyici auditoriyası tərəfindən maraqla qarşılanıb.
TREND
- Azərbaycan və Türkiyə arasında QR ödəniş sistemləri inteqrasiya edilə bilər
- Flynas-dan Ciddə və Mədinə istiqamətləri üzrə uçuşlarla bağlı rəsmi məlumat
- Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb
- Tofiq Cabarov və “Bakuba” Vyanada konsert verib
- Azərbaycan atleti Kənan Vəliyev 2 il müddətinə diskvalifikasiya olunub
- “Yelo Bank” və “Expressbank”dan şikayətlər kəskin artıb
- Azərbaycanda vahid büdcə təsnifatı yenilənib
- SOCAR və dövlət istiqarazları “PAŞA Kapital”ı “vurdu” – birja itkiləri 22 milyarda yaxınlaşıb


