Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlığın genişlənməsi regional sabitlik üçün də mühüm əhəmiyyət daşıyır.
Bu günlərdə Türkmənistanda baş tutan Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət Görüşündə iştirak edən Dövlət başçısı cənab İlham Əliyev çıxışında regional məsələlərin bugünkü və gələcək prespektivlərini müəyyən edən məsələlər barədə dərin məzmunlu fikirlər bildirdi. Möhtərəm Prezident çıxışında sülh, təhlükəsizlik, siyasi və iqtisadi sabitliyi bütün nailiyyətlərin təməli kimi qiymətləndirdi. Bu yanaşma regional əməkdaşlığın yalnız iqtisadi məqsədlərdən ibarət olmadığını göstərir. Davamlı iqtisadi inkişaf üçün ilk növbədə sabit və təhlükəsiz mühitin mövcudluğu vacibdir. Nəqliyyat dəhlizlərinin inkişafı da məhz belə sabitliyin mövcudluğundan asılıdır. Eyni hal enerji layihələrinə və investisiya təşəbbüslərinə də aiddir. Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasında artan siyasi dialoq bu baxımdan mühüm əhəmiyyət daşıyır. Yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşməsi qarşılıqlı etimadı gücləndirən amillərdəndir. Siyasi etimadın möhkəmlənməsi iqtisadi layihələrin həyata keçirilməsini də asanlaşdırır. Regional əməkdaşlığın genişlənməsi ölkələr arasında qarşılıqlı maraqların artmasına səbəb olur. Qarşılıqlı maraqların çoxalması isə sabitliyin qorunmasına əlavə stimul yaradır. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatında tamhüquqlu iştirakı bu baxımdan mühüm hadisədir. Bu format regional məsələlərin müzakirəsi və birgə yanaşmaların formalaşdırılması üçün əlavə imkan yaradır. Azərbaycanın region ölkələri ilə münasibətlərində siyasi və iqtisadi istiqamətlərin paralel inkişaf etməsi əməkdaşlığın dayanıqlığını artırır. Humanitar və mədəni layihələr isə xalqlar arasında mənəvi bağları möhkəmləndirir. Füzulidə məscidin, məktəblərin və Ağdamda yaradıcılıq mərkəzinin inşası bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu layihələr dövlətlərarası münasibətlərin xalqlar arasında dostluq əlaqələri ilə tamamlandığını göstərir. Regional nəqliyyat layihələri də ölkələr arasında qarşılıqlı bağlılığı artırır. Orta Dəhlizin inkişafı Azərbaycanla Mərkəzi Asiya arasında iqtisadi əlaqələri daha da sıxlaşdıra bilər. Enerji sahəsində birgə layihələr də eyni şəkildə uzunmüddətli tərəfdaşlıq üçün möhkəm əsas yaradır. Bütün bu istiqamətlərin ümumi nəticəsi regional əməkdaşlığın kompleks xarakter almasıdır.
Ölkə başçısının fikirlərindən aydın olur ki, sülh və təhlükəsizlik iqtisadi inkişafdan ayrı təsəvvür edilə bilməz. Sabitlik olmadan investisiya layihələrinin davamlılığını təmin etmək çətinləşir. Təhlükəsiz və etibarlı mühit isə ticarətin, nəqliyyatın və enerji əməkdaşlığının genişlənməsinə imkan verir. Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin qarşılıqlı fəaliyyətinin güclənməsi bu baxımdan ortaq maraqlara əsaslanır. Bu əməkdaşlıq regionun beynəlxalq iqtisadi və siyasi sistemdə rolunun artmasına da şərait yarada bilər. Beləliklə, sülh və sabitlik Azərbaycan ilə Mərkəzi Asiya arasında strateji tərəfdaşlığın yalnız nəticəsi deyil, həm də onun gələcək inkişafının əsas şərtidir.
Vidadi Həmzəyev;
Neftçala rayonu


