Azərbaycan xalqı öz çətin günündə böyük oğlu Heydər Əliyevə müraciət etdi. Ulu Öndər də hər zaman xalqın dəstəyinə arxalanır, xalqdan güc alırdı. Zamanın ağır sınaqları göstərdi ki, Azərbaycanı məhz Heydər Əliyev kimi böyük siyasətçi qoruyub saxlaya bilər.
BAKU.NEWS xəbər verir ki, bunu YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov deyib.
O bildirib ki, Ulu Öndər öz ömrünü müstəqil Azərbaycana və xalqımıza həsr edərək xilaskarlıq missiyasını qətiyyətlə yerinə yetirdi. Ömrünü xalqına həsr edən Ulu Öndər Heydər Əliyev milli liderliklə siyasi liderlik keyfiyyətlərini özündə cəmləşdirmiş böyük siyasətçi olmuşdur. Belə hal isə bəşəriyyət tarixində nadir rast gəlinən haldır. Odur ki, Azərbaycan xalqı xoşbəxt xalqdır. Zamanla keşməkeşli tarix yaşamasına baxmayaraq Heydər Əliyev kimi dahi şəxsiyyətinin olması xalqımızın xoşbəxtliyidir. Xalq və dövlət qarşısındakı misilsiz xidmətləri sayəsində Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın memarı adını qazanmışdır.
Bu il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncam imzalamışdır.
Ümummilli Lideri Heydər Əliyevin siyasi dəst-xətti və Prezident İlham Əliyevin Ulu Öndər siyasətinə sadiqliyi ilə müstəqil Azərbaycan bu gün Cənubi Qafqazın lider, dünyanın isə yüksək nüfuz sahibi olan dövlətinə çevrilib. Bugünkü Azərbaycan məhz Ulu Öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Odur ki, Azərbaycan xalqı var olduqca Ulu Öndər Heydər Əliyev də var olacaqdır.

