23 oktyabr 2026-cı il tarixində Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda ürək çatışmazlığının təsnifatı və müalicəsində yeniliklər mövzusunda elmi seminar keçirilib.
Seminara İnstitutun direktoru, professor Gülnaz Dadaşova sədrlik edib. Tədbirdə professor Rüfulla Abdullayev seminarın rəhbəri və moderatoru qismində iştirak edib.
Seminarda məruzəçi qismində həkim-rezident Vüsalə Manafova çıxış edərək ürək çatışmazlığının müasir təsnifatı, diaqnostik xüsusiyyətləri və müalicə sahəsindəki yeniliklər barədə məlumat verib.
Professor Gülnaz Dadaşova çıxışında kardiologiya sahəsində müasir elmi nailiyyətlərin öyrənilməsinin, yeniliklərin klinik praktikada tətbiqinin və tibbi kadrların peşəkar inkişafının əhəmiyyətini vurğulayıb. O, bu cür elmi seminarların həkimlər arasında təcrübə mübadiləsinin genişləndirilməsinə və tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə töhfə verdiyini qeyd edib.
Seminar çərçivəsində mövzu ətrafında elmi müzakirələr aparılıb, ürək çatışmazlığının müasir idarə olunması və müalicə strategiyaları ilə bağlı aktual məsələlər diqqət mərkəzində olub.
İnstitutda bu kimi elmi tədbirlərin keçirilməsi əməkdaşların bilik və bacarıqlarının artırılması, elmi fəaliyyətin təşviqi və müasir tibbi yanaşmaların praktikaya inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır.










