AZCON Holding şirkətlərindən olan AzInTelecom MMC beynəlxalq səviyyədə tanınmış “WebTrust for Certification Authorities” (WebTrust for CA) auditini uğurla başa vurub. Müstəqil qiymətləndirmə şirkətin rəqəmsal imza infrastrukturunun təhlükəsizliyi və idarə olunması üzrə tətbiq edilən proseslərin beynılxalq standartlara uyğunluğunu təsdiqləyib.
Amerika Sertifikatlı Mühasiblər İnstitutu (AICPA) və Kanada Peşəkar Mühasiblər Təşkilatı (CPA Canada) tərəfindən hazırlanmış “WebTrust for CA” sertifikat xidmətləri göstərən qurumlar üçün beynəlxalq səviyyədə tanınmış audit standartıdır. Audit çərçivəsində AzInTelecom-un informasiya təhlükəsizliyinin idarə edilməsi sistemləri, kriptoqrafik açarların idarə olunması və əməliyyat prosesləri müstəqil auditorlar tərəfindən hərtərəfli qiymətləndirilib.
“Bizim əsas məqsədimiz dövlət və biznes proseslərinin rəqəmsallaşmasını dəstəkləyən, etibarlı elektron xidmətlərin genişlənməsinə imkan yaradan infrastruktur formalaşdırmaqdır. Müstəqil auditin uğurla tamamlanması AzInTelecom-un yerli və beynəlxalq bazarda etibarlı texnoloji tərəfdaş kimi mövqeyini möhkəmləndirir və yeni əməkdaşlıq imkanlarının inkişafı üçün zəmin yaradır”, — deyə AzInTelecom-un İnformasiya Təhlükəsizliyi Departamentinin rəhbəri Ruslan Dadayev bildirib.
“WebTrust for CA” auditinin nəticəsi korporativ müştərilər, dövlət qurumları və fərdi istifadəçilər üçün AzInTelecom-un rəqəmsal imza xidmətlərinin təhlükəsizliyinə, məxfiliyinə və etibarlılığına əlavə təminat yaradır. Eyni zamanda şirkəti rəqəmsal imza sahəsində beynəlxalq tələblərə cavab verən, etibarlı tərəfdaş kimi mövqeləndirir.
AzInTelecom rəqəmsal xidmətlərini beynəlxalq standartlara uyğun inkişaf etdirməklə təhlükəsiz elektron xidmətlərin genişlənməsinə, ölkənin rəqəmsal ekosisteminin inkişafına və Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi hədəfinə töhfə verir.


