Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunda institutun direktoru, professor Gülnaz Dadaşovanın rəhbərliyi və kollektivin iştirakı ilə növbəti toplantı keçirilib.
Toplantı zamanı professor Gülnaz Dadaşova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 oktyabr 2026-cı il tarixində imzaladığı, ölkənin səhiyyə sistemində idarəetmənin təkmilləşdirilməsinə yönəlmiş Fərman və müvafiq sərəncamların əhəmiyyətini vurğulayıb.
Professor Gülnaz Dadaşova Prezidentin müvafiq sərəncamları ilə Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsinə təyin edilmiş Teymur Musayevi və Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsinə təyin edilmiş Anar Bayramovu institutun kollektivi adından təbrik edərək, onlara yeni vəzifələrində uğurlar arzulayıb.
Toplantı çərçivəsində instituta yeni qəbul olunmuş rezidentlər kollektivə təqdim edilib, onlara gələcək təhsil və peşə fəaliyyətlərində müvəffəqiyyətlər arzulanıb.
Daha sonra institutun invaziv kardioloqu, həkim Gülnar Ağayeva tərəfindən “Transezofageal exokardioqrafiya: göstərişlər, texnika və təhlükəsizlik” mövzusunda elmi-praktik təqdimat keçirilib. Təqdimat zamanı müayinə metodunun klinik əhəmiyyəti, tətbiq göstərişləri, icra texnikası və təhlükəsizlik prinsipləri barədə ətraflı məlumat verilib.
Toplantının sonunda institutun cari fəaliyyəti, iş prosesinin təkmilləşdirilməsi və əməkdaşların peşəkar inkişafı ilə bağlı məsələlər müzakirə olunub, qarşılıqlı fikir mübadiləsi aparılıb.












