Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta şirkətlərinin şikayət indeksi açıqlanıb.
2025-ci il oktyabrın 1-dən 2026-cı il sentyabrın 30-dək olan dövr üzrə göstəricilərin əvvəlki 12 aylıq dövrlə müqayisəsi zamanı altı sığorta şirkətindən dördünün şikayət indeksinin azaldığı, ikisində isə artdığı məlum olub.
Ən yüksək şikayət indeksi əvvəlki dövrdə olduğu kimi, “Xalq Sığorta” ASC-də qeydə alınıb. Şirkətin göstəricisi 1,70-dən 1,52-yə enib. Bu, 0,18 bənd və ya 10,6% azalma deməkdir. Bununla belə yenə də siyahıda liderdir.
İkinci yerdə qərarlaşan “Meqa Sığorta” ASC-nin şikayət indeksi 1,29-dan 1,21-ə düşüb. Beləliklə, şirkətin göstəricisi 0,08 bənd və ya 6,2% azalıb.
Son bir ayda “Paşa Sığorta”dan isə sürücülərin şikayətləri artıb. Şirkətin şikayət indeksi 6,7% artaraq 1,04-dən 1,11-ə yüksəlib.
Hesabat dövründə ən böyük nisbi azalma “Atəşgah Sığorta”da qeydə alınıb. Şirkətin şikayət indeksi 0,95-dən 0,80-ə enib ki, bu da 15,8% azalma deməkdir.
“Azərbaycan Sənaye Sığorta”nın şikayət indeksi 0,72-dən 0,75-ə yüksələrək 4,2% artıb. “Qala Sığorta”da isə göstərici 0,73-dən 0,72-yə düşüb.
Qeyd edək ki, şikayət indeksi göstəricisi sığorta şirkətlərinin maliyyə dayanıqlılığı və ya fəaliyyətinin davamlılığı ilə bağlı təhdid yaratmır.
Plat.az


