Siyəzən rayonunun Sədan kəndi yaxınlığındakı dağlıq və dağətəyi ərazidə baş vermiş yanğın görülmüş operativ tədbirlər sayəsində qısa müddət ərzində söndürülüb.
Bu barədə BAKU.NEWS-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Qeyd olunub ki, yanğınla mübarizəyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri, Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri, həmçinin Siyəzən Rayon İcra Hakimiyyətinin müvafiq qüvvələri cəlb olunub.
*Saat 14:35
31 iyul saat 12 radələrində Siyəzən rayonunun Sədan kəndi yaxınlığında bələdiyyə ərazisinin dağlıq və dağətəyi sahəsində yanğın hadisəsi baş verib.
ETSN-nin mətbuat katibi İradə İbrahimova BAKU.NEWS-a bildirib ki, yanğının söndürülməsi üçün FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları, 2 helikopteri, ETSN-nin yerli qurumlarının və Siyəzən Rayon İcra Hakimiyyətinin nümayəndələri cəlb olunub. Yanğın güclü külək nəticəsində geniş əraziyə yayılıb.
Hazırda yanğının söndürülməsi və yaxınlıqda yerləşən meşə ərazisinə keçməsinin qarşısının alınması istiqamətində təcili və təxirəsalınmaz tədbirlər davam etdirilir.
ETSN havaların isti və quraq keçməsi ilə əlaqədar bir daha əhalini təbiətdə olarkən odla ehtiyatlı davranmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.






