“Rast” qrupunun yaradıcısı və rəhbəri, Əməkdar artist Rəşad Həşimov yeni layihə təqdim edib.
BAKU.NEWS xəbər verir ki, R.Həşimov “Xalq ulduzu” televiziya müsabiqəsinin iştirakçısı olmuş, həmçinin aktrisa və teleaparıcı (hazırda AZTV kanalında “1az TV” verilişini aparır) kimi də tanınan Mehin Hümbətova ilə əməkdaşlığa başlayıb.
Mehin müəllifi Rəşad Həşimovun olduğu Azərbaycanın ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı mübarizə aparan hərbçilərə həsr edilmiş “Salam əsgər!” (sözlər: Şəhriyar Del Gerani) adlı ilk solo mahnı ilə yenidən musiqiyə qayıdıb.
“Mən çox xoşbəxtəm ki, bu tarixi günlərin canlı şahidiyəm. Ən böyük yük bizim Ordumuzun, əsgərlərimizin, Ali Baş Komandanımızın çiyinləri üzərindədir. Ona görə biz Rəşad müəllimlə belə qərara gəldik ki, ilk layihəmiz əsgərlərimizə, Ordumuza həsr olunsun. Ona görə da mahnını “Salam əsgər!” adlandırdıq. Ordumuzun qarşısında baş əyirik. Çox möhtəşəm hisslər yaşayıram, artıq Şuşanın dağlarının başında duman yoxdu, artıq bütün Qarabağın üzərində günəş öz şəfəqlərini saçır. Və mən bir şəhid övladı olaraq vurğulamaq istəyirəm ki, bütün şəhidlərimizin qanı yerdə qalmadı.
Artıq şəhidlərimizin ruhu şaddır. Birinci və İkinci Qarabağ müharibəsi döyüşlərində şəhid olanların ailələrinə səbir diləyirəm. Gözünüz aydın olsun, övladlarınızın qanı yerdə qalmadı. Və çox xoşbəxtəm ki, belə zəfər qazandığımız dövrdə əsgərlərimizə və millətimizə kiçik də olsa öz hədiyyəmi edirəm”, – deyə M. Hümbətova bildirib.
Qeyd edək ki, əslən Şuşadan olan Mehinin atası Birinci Dağlıq Qarabağ müharibəsində Vətən uğrunda döyüşlərdə həlak olub.
“Salam əsgər!” video-klipinin rejissoru Fərhad Əlidir.



