Vyanada Azərbaycan Respublikasının Avstriya Respublikasındakı Mədəniyyət Mərkəzi və “Azərxalça” ASC-nin təşkilatçılığı ilə görkəmli xalçaçı-rəssam, xalçaşünas, pedaqoq və sənətşünas alim, Xalq rəssamı Lətif Kərimovun 120 illik yubileyinə həsr olunmuş Azərbaycan xalçaçılıq sənəti sərgisinin açılışı keçirilib.
Azərbaycan xalçaçılıq sənətinin zəngin irsinin Avropada tanıdılması məqsədi daşıyan sərgi Azərbaycan Respublikası Prezidentinin 30 aprel 2026-cı il tarixli “Lətif Kərimovun 120 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən təşkil olunub.
Sərəncamda qeyd edildiyi kimi, 2026-cı ilin noyabr ayında Azərbaycan təsviri sənətinin böyük ustası, görkəmli xalçaşünas, pedaqoq və sənətşünas alim, SSRİ Dövlət mükafatı laureatı, Xalq rəssamı Lətif Hüseyn oğlu Kərimovun 120 illiyi tamam olur. Sənətkar Azərbaycan xalq tətbiqi sənətinin inkişafına, tədqiqinə və təbliğinə mühüm töhfələr verib.
Lətif Kərimovun yaradıcılığı Azərbaycan xalçaçılığının inkişaf tarixində xüsusi yer tutur. Onun eskizləri əsasında toxunmuş çoxsaylı süjetli və portret xalçalar, eləcə də monumental xalçalar milli xalçaçılığın parlaq ənənələrini özündə yaşadan qiymətli sənət nümunələridir. Sənətkar Azərbaycan xalçalarının ornamental və kompozisiya xüsusiyyətlərini müəyyənləşdirərək onların sistemli təsnifatını işləyib hazırlayıb. Xalça sənəti üzrə apardığı fundamental tədqiqatlar isə bu gün də mötəbər mənbələr sırasında yer alır.
Sərginin açılış mərasimi 1 oktyabr saat 19:00-da Avstriyadakı Azərbaycan Mədəniyyət Mərkəzində baş tutub. Ekspozisiyada “Azərxalça” ASC-nin Azərbaycan xalçaçılıq sənətinin müxtəlif bədii və kompozisiya xüsusiyyətlərini əks etdirən xalça nümunələri təqdim olunub.
Sərgidə “Azərxalça” ASC-nin gənc rəssamlarla əməkdaşlığı çərçivəsində ərsəyə gəlmiş müasir xalçalarla yanaşı, klassik və milli xalça nümunələri də nümayiş etdirilib. Ekspozisiyada “Naxçıvan”, “Qarabağ”, “Cənnət narı 1”, “Cənnət narı 2”, “Yaddaşın memarı”, eləcə də “Qabıstan”, “Quba”, “Xilə-Əfşan”, “İsrafil”, “Bulud Şuşa”, “Xanlıq Ağçiçəklər”, “Əl-ələ yallı”, “Bakı” və “Zağlı” adlı xalçalar yer alıb.
Tədbirin açılış mərasimində Azərbaycanın Avstriyadakı diplomatik nümayəndəliyinin və Mədəniyyət Mərkəzinin nümayəndələri, Avstriyada fəaliyyət göstərən diplomatik korpusun üzvləri, Azərbaycan diasporunun nümayəndələri, eləcə də yerli mədəniyyət və incəsənət ictimaiyyətinin təmsilçiləri, sənətşünaslar və sənətsevərlər iştirak ediblər.
Sərginin açılışını Azərbaycan Respublikasının Avstriya Respublikasındakı Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova edib. Çıxışında Leyla Qasımova sərginin Azərbaycan xalçaçılıq sənətinin beynəlxalq auditoriyaya təqdim olunması baxımından əhəmiyyətini vurğulayıb: “Bu sərginin Vyanada təşkil olunması Azərbaycan xalçaçılıq sənətinin zəngin irsinin beynəlxalq auditoriyaya təqdim olunması baxımından böyük əhəmiyyət daşıyır. Azərbaycan xalçası əsrlər boyu formalaşan milli ənənələri, yaddaşı və estetik dəyərləri özündə yaşadan mühüm mədəni irs nümunəsidir. Bu sərgi vasitəsilə Azərbaycan xalçasının həm ənənəvi, həm də müasir nümunələrini Avstriya tamaşaçılarına təqdim etməkdən məmnunuq və inanırıq ki, layihə iki ölkə arasında mədəni əlaqələrin daha da inkişafına töhfə verəcək.”
Daha sonra “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri, Əməkdar İncəsənət Xadimi Emin Məmmədov çıxış edib. Qonaqları salamlayan sədr Azərbaycan mədəni irsinin, xüsusilə milli xalçaçılıq sənətinin Avstriya ictimaiyyətinə təqdim olunmasının, müxtəlif mədəniyyətlər arasında əlaqələrin möhkəmləndirilməsinin və Azərbaycan xalçasına beynəlxalq marağın artırılmasının əhəmiyyətini qeyd edib.
Bildirilib ki, sərgidə nümayiş olunan nümunələr Azərbaycan xalçaçılığının zəngin bədii ənənələrini, ornament və kompozisiya xüsusiyyətlərini, eləcə də xalqın mədəni yaddaşında xüsusi yer tutan xalça sənətinin müxtəlif istiqamətlərini əks etdirir. Ekspozisiya Azərbaycan xalçasının yalnız dekorativ sənət nümunəsi deyil, həm də tarixi yaddaşı, estetik dünyagörüşünü və nəsildən-nəslə ötürülən sənətkarlıq ənənələrini yaşadan mühüm mədəni irs nümunəsi olduğunu nümayiş etdirir.
Sərgi 3 oktyabr 2026-cı il tarixində “Muzeylərin Uzun Gecəsi” – “ORF-Lange Nacht der Museen” layihəsi çərçivəsində də davam etdirilib. Həmin gün ekspozisiya saat 18:00-dan 00:00-dək ziyarətçilər üçün açıq olub. Tədbir çərçivəsində ziyarətçilərə xalçanın toxunma prosesi ilə yaxından tanış olmaq və bu prosesdə iştirak etmək imkanı yaradılıb. Toxuculuq prosesinə qoşulan iştirakçılar göstərdikləri əməyə görə “Azərxalça” ASC tərəfindən xüsusi sertifikatlarla təltif olunublar.
Lətif Kərimovun 120 illik yubileyi çərçivəsində Vyanada təşkil olunan sərgi görkəmli sənətkarın zəngin irsinin yad edilməsi ilə yanaşı, Azərbaycan xalçaçılıq sənətinin beynəlxalq mədəni platformada təqdim olunmasına da xidmət edir. Sərgi Azərbaycan xalçasının əsrlər boyu formalaşmış sənət ənənələrinin bu gün də yaşadıldığını, müasir yaradıcılıq yanaşmaları ilə inkişaf etdirildiyini və yeni auditoriyalara təqdim olunduğunu nümayiş etdirib.








