“TikTok” istifadəçilərin məhsulları tətbiqdən çıxmadan kəşf etməsinə, onlar barədə məlumat almasına və bir kliklə satın almasına imkan verən süni intellekt dəstəkli alış-veriş köməkçisi və yeni ödəniş funksiyasını istifadəyə verib.
“Shopping Assistant” adlandırılan süni intellekt dəstəkli funksiya istifadəçilərin məhsullarla bağlı suallarını cavablandırır.
Köməkçi məhsulun xüsusiyyətləri, çatdırılma, ölçü seçimləri və stok vəziyyəti barədə məlumat verir, həmçinin istifadəçinin ehtiyac və seçimlərini nəzərə alır.
Yeni ödəniş funksiyası isə istifadəçilərə “For You” lentində qarşılarına çıxan məhsulları tətbiqdən çıxmadan bir kliklə birbaşa markadan almağa imkan yaradır.
Funksiyalar “Salesforce”, “Shopify”, “Shoplazza” və “Stripe” kimi şirkətlərlə əməkdaşlıq çərçivəsində hazırlanır. Şirkət bununla məhsulun kəşfindən satınalmaya qədər bütün prosesi tətbiq daxilində tamamlamağı hədəfləyir.
“TikTok”un alış-veriş sahəsindəki fəaliyyəti son dövrdə genişlənib. Şirkətin İqtisadi Təsir Hesabatına əsasən, platforma ABŞ-də fəaliyyət göstərən müəssisələrin ölkənin ümumi daxili məhsuluna 81 milyard dollar töhfə verməsinə kömək edib. Hesabata görə, 54 milyon amerikalı “TikTok”da video izlədikdən sonra məhsul aldığını bildirib.
“TikTok Shop” ABŞ-də 2023-cü ilin sentyabrında istifadəyə verilib. “eMarketer”in hesablamalarına görə, platformanın ABŞ-də satışları 2025-ci ildə təxminən 15,8 milyard dollar təşkil edib. Bu, ölkədə sosial ticarət satışlarının təxminən 18 faizinə bərabərdir.
Qeyd edək ki, “TikTok” yeni funksiyalarla məhsulların videolarda kəşf edilməsindən satın alınmasına qədər olan prosesi daha sıx şəkildə tətbiqə inteqrasiya edir.


