BAKU.NEWS xəbər verir ki, bu sözləri dəstə üzvləri tərəfindən mənzili qarət olunan “FM Express” estrada qrupunun banisi və solisti Fuad Musayev Oxu.Az-ın əməkdaşı ilə söhbətində dilə gətirib.
O, hələ də oğurlanan 1800 dollar pulun geri qaytarılmadığını bildirib.
“Oğurluq edən qonşumun anası gəlib məndən üzr istəməyib. Elə bil ki, mən onların evlərini soymuşam. Yəqin, utandığından gəlmir. Mənzilimdə it də var. Amma qonşunu tanıdığından ona heç bir reasiya verməyib. Çünki it onu yaxşı tanıyır.
Qonşum evə girib, iti hamama kilidləyib. Daha sonra isə dəstənin digər üzvləri mənzilə daxil olub. Heç istəməzdim ki, bu cür hadisə ilə mətbuat məndən yazsın və gündəmə gəlim. Amma bu cür hadisədən heç kəs sığortalanmayıb”.
Qeyd edək ki, Bakı sakini F.Musayevin yaşadığı evdən içərisində 1800 ABŞ dollar olan seyf naməlum şəraitdə oğurlanıb.
Səbail RPİ və 8-ci Polis Bölməsi əməkdaşları tərəfindən qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Kənan Nəcəfov, Ceyhun Cəbiyev və Səbinə Atakişiyeva saxlanılıblar.
Müəyyən edilib ki, dəstə üzvü olan S.Atakişiyeva zərərçəkmiş şəxslə qonşudur. O, həmin mənzilin açarlarını ələ keçirəndən sonra digər dəstə üzvləri ilə birgə oğurluq edib. Əvvəlcə mənzilin qapısını açan S.Atakişiyeva evdə olan iti səs-küy salmaması üçün hamam otağına salıb. Daha sonra digərləri mənzili axtarmağa başlayıblar.
Dəstə üzvləri seyfi ələ keçirəndən sonra S.Atakişiyevanın evində açaraq pulu aralarında bölüblər. C.Cəbiyev isə sındırılan seyfi Hökməli qəsəbəsinə apararaq izi itirmək məqsədilə orada qazaraq basdırıb.


