İyunun 23-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Xətai rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Xalq şairi, ictimai-siyasi xadim Sabir Rüstəmxanlının 80 illik yubileyi keçirilib.
Xətai rayon Heydər Əliyev parkında keçirilən tədbirdə rəsmilər, millət vəkilləri, mədəniyyət və elm xadimləri, ictimaiyyət nümayəndələri, paytaxt sakinləri və digər qonaqlar iştirak ediblər.
Aparıcı Günay Firudin qızı tədbiri açıq elan edərək, qonaqları salamlayıb.
Daha sonra vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edənlər Sabir Rüstəmxanlının Azərbaycan ədəbiyyatının inkişafına, milli-mənəvi dəyərlərin təbliğinə və ictimai fikrin formalaşmasına verdiyi mühüm töhfələrdən bəhs ediblər. Qeyd olunub ki, yubilyarın zəngin yaradıcılığı və vətəndaş mövqeyi Azərbaycan ictimai fikrində xüsusi yer tutur.
Daha sonra şairin həyat və yaradıcılıq yolu haqqında çıxışlar edilib, vətənpərvərlik ruhunda qələmə aldığı əsərlərin əhəmiyyətindən danışılıb. Eyni zamanda Sabir Rüstəmxanlının şeirləri səsləndirilib, onun sözlərinə bəstələnmiş mahnılar, musiqi nömrələri təqdim olunub.
Tədbir iştirakçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.














