Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən Bakı Beynəlxalq İncəsənət Festivalının (BIAF) ikinci mövsümü çərçivəsində 12 gün ərzində paytaxtın 13 məkanında 36 müxtəlif janrlı tədbir təşkil edilib.
Proqrama konsertlər, performanslar, balet və teatr tamaşaları, yazıçılar, rejissorlar və rəssamlarla görüşlər, eləcə də ustad dərsləri və açıq məşqlər daxil olub.
Festival Azərbaycan, Böyük Britaniya, Almaniya, Gürcüstan, İsrail, Kanada, Monako, Rusiya, ABŞ və Fransa da daxil olmaqla, dünyanın 37 ölkəsindən 500-dən çox iştirakçını bir araya gətirib. Festivalın ümumi ziyarətçi sayı isə 10 mini ötüb. Çağdaş səhnə sənəti festivalda müxtəlif formalarda təqdim olunub: dünya bədii irsinin bir hissəsinə çevrilmiş klassik əsərlərdən tutmuş musiqi, rəqs, vizual sənət və müasir texnologiyaları bir araya gətirən eksperimental tamaşalaradək. İkinci mövsümün mühüm xüsusiyyətlərindən biri ənənəvi qastrol formatının hüdudlarını aşmaq cəhdi idi. Konsert və teatr tamaşaları ilə yanaşı, yaradıcılıq görüşləri, ictimai müzakirələr, açıq məşqlər, ustad dərsləri və təhsil proqramları da təşkil olunub. Mövsümün digər mühüm xüsusiyyəti xarici sənətkarların Azərbaycan incəsənət kollektivləri və təhsil müəssisələri ilə əməkdaşlığı olub.
Bu il festivalın iştirakçıları arasında pianoçular Lukas Genyuşas və Fərhad Bədəlbəyli, truba ifaçısı Tine Tinq Helset, skripkaçılar Devid Qarrett və Maksim Vengerov, rəssamlar Uilyam Kentridc və Manal Əl-Dovayan, rejissorlar Lev Dodin, Leo Qabriadze və Romeo Kastelluçi, xoreoqraflar Şahar Binyamini, Akram Xan və Şaron Eyal, dirijorlar Dmitri Sitkovetski və Fuad İbrahimov, tarixçi Piter Frankopan, eləcə də “Maly Drama” Teatrı – Avropa Teatrı, Dmitri Krımovun yeni tamaşası ilə İsrailin “Gesher” teatrı, Rezo Qabriadze “Marionet Teatrı”, Uilyam Forsayt və Kristal Paytın əsərləri ilə İngiltərə Milli Baleti və xoreoqraf Jan-Kristof Mayonun “Qu gölü”nün məşhur yozumu ilə Monte-Karlo Baleti yer alıb.
Festival üçün xüsusi olaraq müxtəlif Avropa ölkələrindən istedadlı musiqiçiləri bir araya gətirən BIAF Orkestri yaradılıb. Sənətkarların əksəriyyəti BIAF proqramı çərçivəsində ilk dəfə Azərbaycanda çıxış edib. Festival iştirakçıları Bakının özünəməxsus atmosferini, yüksək təhlükəsizlik və rahatlıq səviyyəsini, memarlığının gözəlliyini, yerli mətbəxin zəngin dadlarını, eləcə də sakinlərin qonaqpərvərliyi və hər tamaşanı böyük maraqla qarşılayan tamaşaçıların xüsusi həssaslığını qeyd ediblər.
BIAF-2026 Bakının bir sıra vacib məkanlarında, o cümlədən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, Heydər Əliyev Mərkəzində, Azərbaycan Dövlət Akademik Musiqili Teatrında, Heydər Əliyev Sarayında və Daş Salnamə Muzeyində keçirilib.
Bu gün Bakı Şərqlə Qərb arasında körpü rolunu oynayan dinamik, açıq və tolerant şəhərdir. Dünyanın müasir paytaxtlarından biri olan Bakı beynəlxalq miqyaslı idman yarışlarına, iri biznes forumlarına, dünyanın siyasi və biznes elitasının iştirakı ilə keçirilən tədbirlərə getdikcə daha çox ev sahibliyi edir. Vaxtilə məşhur İpək Yolunun mühüm dayanacaqlarından biri və müxtəlif xalqların, dinlərin nümayəndələrinin cəlb olunduğu tarixi mərkəz olan şəhər bu gün də ölkələri və mədəniyyətləri bir araya gətirərək yüksək keyfiyyət standartları müəyyənləşdirir. Bakı Beynəlxalq İncəsənət Festivalı beynəlxalq və çoxjanrlı mədəniyyət platformasının formalaşmasında bilavasitə iştirak edərək bu ümumi mənzərənin bir hissəsinə çevrilir.











