Sentyabr ayının 28-dən etibarən Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslər üçün onlayn icbari təlimə başlanılıb.
Təlimdə müxtəlif ali təhsil istiqamətləri üzrə 22 namizəd iştirak edir.
Tədris Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının akademik heyəti və Nazirliyin Məhkəmə Ekspertizası Mərkəzinin təcrübəli ekspertləri tərəfindən həyata keçirilir. İcbari təlim proqramına məhkəmə ekspertizası fəaliyyətinə dair qanunvericiliyin ümumi tələbləri, ekspert rəyinin tərtib edilməsi qaydaları və etik davranış kodeksinin müddəalarına dair nəzəri və praktiki mövzular daxildir.
Oktyabrın 22-dək davam edəcək təlimi uğurla başa vuran namizədlər növbəti mərhələ olan müsahibədə iştirak edəcəklər. Müsahibədən uğurla keçən namizədlərə müvafiq şəhadətnamələr veriləcək və onlar Məhkəmə Ekspertlərinin Reyestrinə daxil ediləcəklər. Yalnız bundan sonra həmin şəxslər özəl məhkəmə eksperti kimi fəaliyyət göstərə biləcəklər.
Dövlət məhkəmə ekspertizası idarələri ilə yanaşı, özəl məhkəmə ekspertlərinin fəaliyyətə başlaması bu sahədə iş yükünün optimallaşdırılmasına, vətəndaşların seçim imkanlarının artırılmasına, xidmətlərin daha operativ göstərilməsinə şərait yaradacaq və ümumilikdə ədalət mühakiməsinin həyata keçirilməsinə müsbət töhfə verəcəkdir.


