“Italiana Petroli”nin alınması SOCAR-ın neft emalı və satış (“downstream”) istiqamətində diversifikasiyasını yaxşılaşdıracaq.
Bunu “Fitch Ratings”in korporativ reytinqlər üzrə EMEA direktoru Jakub Zasada Bakıda keçirilən “Fitch Azərbaycanda” tədbirində bildirib.
O qeyd edib ki, “Fitch” SOCAR-ın reytinqini qiymətləndirərkən Azərbaycan hökuməti tərəfindən şirkətə göstərilə biləcək dəstəyi də nəzərə alır.
Zasadanın sözlərinə görə, SOCAR-a dövlət dəstəyinin göstərilməsi ehtimalı “son dərəcə yüksək” qiymətləndirilir. Bu qiymətləndirmədə şirkətə tarixən kapital və pul vəsaitlərinin ayrılması, həmçinin SOCAR-ın Azərbaycan iqtisadiyyatında mühüm rol oynaması nəzərə alınır.
O bildirib ki, şirkətin kredit profilindəki dəyişikliklərə maliyyə göstəricilərinin yaxşılaşması da təsir göstərib.
“Fitch” rəsmisi SOCAR-ın neft hasilatında azalma müşahidə edildiyini, bununla yanaşı, qaz hasilatının artdığını qeyd edib.
Zasada ötən il “Italiana Petroli”nin alınmasına da toxunaraq bildirib ki, “Fitch” bu əməliyyatın SOCAR-ın downstream biznesinin diversifikasiyasını gücləndirəcəyini gözləyir.
APA


