Bu gün Türkiyə və Azərbaycan qardaşlığı çox önəmli bir faktora çevrilmişdir. Hər iki ölkə arasındakı münasibətlər uğurla inkişaf edərək, bütün sahələri əhatə edir və bu əməkdaşlığın çox gözəl nəticələri vardır. Həm ikitərəfli formatda, həm də regional müstəvidə hər iki ölkə misli görünməmiş həmrəylik nümayiş etdirir. Ulu öndər Heydər Əliyevin müdrikcəsinə dediyi kimi, “Bir millət, iki dövlət” şüarı bütün zamanların ən mükəmməl çağırışıdır. Bu gün Azərbaycan ilə Türkiyə arasındakı münasibətlərin səviyyəsi, həm də türkdilli ölkələr arasındakı münasibətlərə öz təsirini göstərir. Qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyun ayının 13-də seçkilərdən sonra Ölkəmizə rəsmi səfəri xalqlarımız tərəfindən böyük sevinc və coşqu ilə qarşılandı. Səfər çərçivəsində atılan hər bir addım, səslənən hər bir fikir əlaqələrimizin sarsılmazlığının nümayişidir. Artıq bütün dünya bilir ki, hər iki ölkə istər çətin, istər sevincli, istərsə də kədərli günlərdə bir-birinə dəstək olur. Azərbaycan tarixinin ən həlledici məqamında – 44 günlük Vətən müharibəsi dövründə tək olmadığını hiss etdi, kürəyini öz qardaşına arxayınlıqla söykəyib Zəfərə doğru inamla addımladı. Vətən Müharibəsi zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ölkəmizə verdiyi siyasi dəstək, əleyhimizə olan qüvvələrə qarşı sərt bəyanatları ilə xalqımızın ona olan sevgisini birə-beş artırdı. Qardaş ölkənin dəstəyi bununla yekunlaşmadı. Müharibənin ardından Zəfər paradında güc nümayişi, tarixi Şuşa Bəyannaməsinin imzalanması, azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinə ilk olaraq Türkiyə şirkətlərinin qoşulması bizə qarşı olan qüvvələrə sərt mesaj oldu. Azərbaycan xalqı da Türkiyənin ən ağrılı günlərində özünü qardaşının köməyinə çatdırdı. İstər meşə yanğınlarında, istər zəlzələnin fəsadlarının aradan qaldırılmasında Türkiyə çağırış etmədən ilk olaraq Azərbaycan özünü darda olan qardaşının dadına yetirdi. Qardaş ölkədə baş verən zəlzələdən sonra sıravi vətəndaşların yardımlar göndərmələri, əllərində olanı əsirgəməmələri görüntüləri yəqin ki, tarix boyu unudulmayacaq. Əminliklə deyə bilərik ki, dünya ölkələri içərisində Azərbaycanla Türkiyə qədər bir-birinə arxa-dayaq olan, sevincini, kədərini bölüşən ölkələr yoxdur. Bütün bunlar bir tərəfdən də Türk dünyasının güclənməsi deməkdir.
Ruhəngiz Nəcəfova;
Neftçala rayon ziyalısı, müəllim


