Hazırda bütün dünyada alimlər mövcud vaksinlərin yeni varianta qarşı nə dərəcədə effektiv olduğunu müəyyənləşdirməyə çalışırlar
Dünya Hindistanda meydana gəlmiş koronavirusun yeni növü “Delta”nın (Hindistan ştammı – red.) təhlükəsini azaltmağı müzakirə etdiyi bir vaxtda, virus ikinci dəfə mutasiyaya uğrayıb. “İndia Today”in yaydığı xəbərə görə, bu barədə Hindistanın Tibb Elmləri İnstitutunun direktoru Randip Quleria bildirib. Belə ki, “Delta-plus” (B.1.617.2.1) adlanan yeni mutasiya olunmuş növ Hindistanda güclü dalğanın yaranması təhlükəsini artırıb. Virusun bu ən yeni növü olduqca yoluxucudur. Mütəxəssisin fikrincə, koronavirusun bu variantına hətta xəstəlik daşıyıcısı olan birinin yanından sadəcə maskasız bir anlıq keçməklə də yoluxmaq olur. Ümumiyyətlə, alimlər bu variantın təhlükəsini müxtəlif cür qiymətləndirir və yekun nəticə üçün bütün tədqiqatların bitməsini gözləməyin lazım olduğunu bildirirlər.
“Delta plus” haqqında nə bilirik?
İlk dəfə Hindistanda görülən “Delta Plus” ştammı indiyədək Rusiya, Türkiyə, Gürcüstan da daxil olmaqla 85 ölkədə aşkarlanıb. “Delta Plus” haqqında ilk dəfə “Public Health England” dövlət səhiyyə agentliyi məlumat verib. Ötən həftə Hindistan hökuməti koronavirusun yeni ştammını “Delta Plus”u “ciddi narahatlıq doğuran” variant adlandırdı. Mütəxəssislərin rəylərinə görə, bu növ koronavirus ağciyər hüceyrələri reseptorları ilə daha asan təmas edir.
Hindistan ştammından fərqli olaraq “Delta Plus” K417N mutasiyasına malikdir. Təxmin edilir ki, bu mutasiya virusa neytrallaşdırıcı antitellərdən yayınmağa kömək edir. Oxşar mutasiyaya Cənubi Afrikada yayılan “Beta” və Braziliyada yayılan “Qamma” variantlarında da rast gəlinir. Bəzi alimlər “Delta Plus”un “Delta”nın digər xüsusiyyətləri ilə birləşməsi nəticəsində yeni, daha təhlükəli və öldürücü variantın meydana gələcəyindən ehtiyat edirlər.
“Delta Plus” vaksinlərə qarşı nə qədər davamlıdır?
Ekspertlərin narahatlığı təkcə “Delta Plus” variantının daha yoluxucu olması ilə bağlı deyil. Əsas narahatlıq bu variantın peyvəndlərə qarşı daha davamlı ola biləcəyi ilə bağlıdır. Bu narahatlıqlar təsdiqlənərsə, pandemiya həqiqətən yenidən başlaya bilər. Hazırda bütün dünyada alimlər mövcud vaksinlərin yeni varianta qarşı nə dərəcədə effektiv olduğunu müəyyənləşdirməyə çalışırlar. Leicester Universitetinin professoru Julian Tang qeyd edir ki, mutasiya virusun vaksinlərə qarşı müqavimətini ciddi şəkildə gücləndirə bilər. Çox güman ki, K417N mutasiyası bütün Hindistan variantlarında mövcud olan L452R mutasiyası ilə birlikdə vaksinə qarşı güclü müqavimət yarada bilər”.
Bununla yanaşı, Nyu-Dehlidə fəaliyyət göstərən hindistanlı mütəxəssis doktor Çandrakant Laharya CNBC-yə bildirib ki, “Delta Plus” variantı elə “Delta” variantıdır. Sadəcə bir əlavə mutasiya ilə”.
Qeyd edək ki, qripə bənzəyən ştammın əsas əlamətləri baş, boğaz ağrısı, burun axıntısı, bəzən də öskürəkdir. Alimlər bu ştammda eşitmənin itirilməsi əlaməti ilə qarşılaşdıqlarını da bildirirlər. “Delta” ştammı yayıldığı ölkələrə görə simptom fərqlilikləri göstərə bilir. Ölkələrdən asılı olaraq, bu ştammın mədə ağrısı, ürəkbulanma, iştahsızlıq kimi fərqli simptomları da müşahidə edilir.


