“Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir” deyirdi Ulu Öndər, bütün həyatını Azərbaycan xalqının inkişfına, tərəqqisinə, dünya siyasi arenasında özünə layiqli yer ala bilməsinə həsr edən xalqımızın unudulmaz övladı Heydər Əliyev. Bu ifadə çox məqamlara aydınlıq gətirir. Böyük bir vəsiyyətdən və məsuliyyətdən xəbər verir.
Təkcə xəbər vermir, çağırır, səsləyir, öyrədir, eyni zamanda tələb edir. Milli mənsubiyyəti qurur mənbəyi olan xalqın nümayəndəsi bu milliliyin varlığı yolunda yorulmadan çalışmalı, dayanmadan fədakarlıqla işgüzarlıq nümunəsi olmalıdır. Elə Ulu Öndər yadigarı, ata vəsiyyətini ürəyinin başında daim bir çağırış kimi qoruyan və nəhayətində böyük Zəfərlə yerinə yetirən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin simasında, yorulmadan uğurlu çoxşaxəli fəaliyyətində biz bunu aydın izləyə bilirik. Görülmüş işləri bütün fədakar addımlarla qoruyan, heç nədən çəkinmədən irəli aparan dövlət başçısı, cənab Prezident ata yoluna sədaqət nümunəsi olaraq milli mənsubiyyətini qururla qoruyan işıqlı əməlləri ilə hər kəsə örnəkdir. Bu yol hansı istiqamətdən baxsaq, öz xalqının tərəqqisinə, müstəqil dövlətimizin möhkəmliyinə xidmət etməkdədir. 44 gün davam edərək nəticə etibarilə xalqımızın bir qərinəlik həsrətinə son qoyan, erməni mənfurlarına layiq olduğu yeri göstərən Vətən Müharibəsi məhz xalqımızın birliyi, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla mərd vətən övladlarının rəşadəti sayəsində ən müasir tariximizə zəfər yazdı. Bu yolda şəhadətə ucalan mərd oğulların haqqı hər birimizin üzərindədir. Bu vətən sabahına öz layiqli fəaliyyəti ilə xidmət etmək haqqıdır. Biz bu yolda, bu məsuliyyəti heç zaman unutmamalıyıq, unutmuruq da… Bu gün işğaldan azad edilən ərazilərimizdə böyük quruculuq işləri həyata keçirilir. Biz fəxr edirik görülən işlərlə. Bu işlərlə yanaşı cənab Prezident İlham Əliyev doğma Azərbaycanımızın digər ərazilərinə də diqqət və qayğısını əsirgəmir. Bütün rayonlarda, ən ucqar kəndlərdə belə əhalinin sosial rifah halının yaxşılaşdırılması üçün bölgələrin inkişafında vacib layihələrin icrasına tapşırıqlar verir, nəticələri yoxlayır, inkişaf və tərəqqinin əhəmiyyətli cəhətlərini qeyd edir. Bu gün inkişafın əsasında Azərbaycanın güclü ordusunun vacibliyi əsas vəzifədir.
Çünki Ulu Öndər Heydər Əliyev deyirdi ki, “Sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır.” Bu gün Azərbaycan dövləti güclü orduya sahib olmaqla yanaşı eyni zamanda bütün bölgələrdə, xüsusilə, Qarabağda quruculuq işləri ilə sübut edir ki, öz vətənini sevmək nədir? Necə olur? Cənab Prezident İlham Əliyevin sözləri ilə desək: “Biz Qarabağı cənnətə çevirəcək və orada əbədi yaşayacağıq!” Biz öz vətənimizlə, Ali Baş Komandan cənab Prezident İlham Əliyevin yürütdüyü daxılı və xarici siyasətlə qürur duyuruq. Eyni zamanda izləyirik ki, haqq yolda Azərbaycanımızı sevməyən qüvvələr nə qədər çox olsalar da, bir o qədər də, cılız görünməkdədirlər. Ədalət yolu- haqq yoludur, ucalıqdır, saflıq nümunəsidir. Bu yol babalarımızın rəşadəti ilə yazılıb salnamələrə, kimlər nə qədər dəyişmək istəsələr də, daş kitabələrdə əlamətləri qalacaqdır daim odlar diyarımızın. Qeyd etdiyimiz kimi, bu gün Azərbaycan dövləti işğaldan azad olunmuş torpaqlarda minaların təmizlənilməsi, geniş quruculuq işlərinin aparılması, əhalinin öz dədə-baba torpaqlarına qaytarılması kimi mühüm işlərlə yanaşı Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı da uğurla həyata keçirilir. Məhz bu işlər göstərir ki, Azərbaycan XXI əsrin sayılıb-seçilən dövlətləri sırasındadır. Heç bir güc onu öz məqsədindən döndərə bilməz! 18 Aprel 2023- cü il tarixdə cənab Prezident İlham Əliyev və Birinci vitse – prezident Mehriban xanım Əliyevanın Neftçala və Salyan rayonlarına səfəri bir daha bu diqqət və qayğının bariz nümunəsi oldu. Çox sevindik, cənab Prezidentin və Mehriban xanımın bu səfərinə, eyni zamanda səfərin nəticələrindən məmnun qalmasına. Neftçala və Salyan rayonlarına səfəri əhatəsində möhtərəm cənab Prezident və dəyərli Mehriban xanım doğma Neftçalamızda Neftçala Olimpiya İdman Kompleksinin, Heydər Əliyev Fondu tərəfindən inşa olunan 420 şagird yerlik Bankə qəsəbə 2 saylı tam orta məktəbin açılışında, Neftçala-Kürkənd – 2 nömrəli Mayak avtomobil yolunun yenidənqurmadan sonra açılış mərasimində, açılışında iştirak ediblər. Səfər çərçivəsində cənab Prezident və Birinci Vitse-prezident Neftçala rayonunda Nərə Damazlıq təsərrüfatında yaradılan şəraitlə tanış olublar. Bu gün respublikamızın bütün bölgələrində sosial yönümlü layihələr reallaşır, əhalinin həyat şəraitinin, rifahının, təkliflərinə uyğun layihələrin reallaşması istiqamətində işlər həyata keçirilir. Bu da yaxın gələcəkdə Ölkəmizin daha güclü olacağından, bu gün də tərəqqi yolunda qətiyyətlə irəliləməsindən xəbər verir. Cənab Prezidentin qeyd etdiyi kimi: “Bizim iradəmizə heç kəs mane ola bilməz!”
Bədirə Niftalıyeva;
Neftçala rayon ziyalısı, yazıçı-publisist


