Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Avropa İnvestisiya Bankı (EİB) və Avstriya İnkişaf Bankı (OeEB) “Bank Respublika”nın “AccessBank”ı alması ilə bağlı əqd çərçivəsində “Bank Respublika”nın imtiyazlı səhmlərini əldə etdiklərini təsdiqləyiblər.
Bu barədə qurumlar “APA-Economics”in sorğusuna cavab olaraq bildiriblər.
EİB-dən bildirilib ki, qurum əqd çərçivəsində “AccessBank”dakı adi səhmlərini satıb və bunun müqabilində maliyyə vəsaiti və mövcud maliyyələşdirmə tərəfdaşı olan “Bank Respublika”nın imtiyazlı səhmlərini əldə edib. EİB-in imtiyazlı səhmlərə sahib olması əqdin razılaşdırılmış strukturundan irəli gəlir və qurum bunu yeni strateji kapital qoyuluşu hesab etmir.
EİB 2014-cü ildən “AccessBank”a dəstək göstərir. İlkin mərhələdə maliyyələşdirmə mikro, kiçik və orta müəssisələrin kreditə çıxışını yaxşılaşdırmağa yönəlib. “AccessBank” 2018-ci ildə maliyyə çətinlikləri ilə üzləşəndə EİB digər beynəlxalq maliyyə institutları ilə birlikdə kreditorların təşəbbüsü ilə aparılan restrukturizasiyada iştirak edib. EİB bankın ona olan borcunun bir hissəsini səhmlərə çevirərək “AccessBank”ın kapitalının artırılmasına və fəaliyyətini davam etdirməsinə dəstək verib.
EİB qeyd edib ki, bu qərar qurumun mövcud maliyyə maraqlarını qorumaq məqsədi ilə yanaşı, Azərbaycanda kiçik və orta müəssisələri dəstəkləmək və maliyyə sektorunun dayanıqlılığını gücləndirmək öhdəliyini də əks etdirib. Restrukturizasiya “AccessBank”a kapital mövqeyini bərpa etməyə, yenidən mənfəətlə işləməyə və yerli müəssisələri maliyyələşdirməyə davam etməyə imkan verib. Bank sonradan maliyyə vəziyyətini uğurla bərpa edib.
EİB “AccessBank”ın “Bank Respublika” tərəfindən alınmasını restrukturizasiya prosesinin uğurla başa çatması və Azərbaycanın bank sektorunun inkişafında mühüm addım kimi qiymətləndirir. Qurumun gözləntisinə görə, kiçik və orta müəssisələrin maliyyələşdirilməsinə önəm verən iki maliyyə institutunun birləşməsi onların yerli biznesə xidmət göstərmək və özəl sektorun inkişafını dəstəkləmək imkanlarını genişləndirəcək.
IFC-dən bildirilib ki, korporasiya “AccessBank”la bankın yarandığı vaxtdan əməkdaşlıq edir. “Bank Respublika” “AccessBank”ın səhmlərinin 100%-ni aldıqdan sonra IFC “Bank Respublika”nın imtiyazlı səhmlərinin sahibi olub.
IFC Azərbaycanda güclü və inklüziv maliyyə sektorunun inkişafına dəstəyini davam etdirəcək. Bu dəstək kiçik biznesin və maliyyə xidmətlərinə çıxışı məhdud olan qrupların maliyyələşmə imkanlarının genişləndirilməsini də əhatə edir. Korporasiyanın qiymətləndirməsinə görə, bu, özəl sektorun inkişafına və məşğulluğun artmasına töhfə verə bilər.
OeEB-dən bildirilib ki, qurum “AccessBank”ın restrukturizasiyası çərçivəsində bankın səhmdarı olub və uzun illər onun inkişafına dəstək göstərib. Əqd nəticəsində OeEB “AccessBank”ın digər keçmiş səhmdarları ilə birlikdə “Bank Respublika”nın yeni buraxılmış imtiyazlı səhmlərini əldə edərək bankın səhmdarına çevrilib. Bununla da OeEB-in Azərbaycanın bank sektorundakı investisiyası davam edir.
Xatırladaq ki, noyabrın 3-də “Bank Respublika” və “AccessBank” strateji əqdin başa çatdığını elan ediblər. Əqd nəticəsində “Bank Respublika” “AccessBank”ın səhmlərinin 100%-ni alıb, “AccessBank”ın keçmiş səhmdarları isə “Bank Respublika”nın yeni buraxılmış imtiyazlı səhmlərini əldə ediblər.
TREND
- İspaniyadan gətirilən qida məhsulunda uyğunsuzluq aşkarlanıb
- “Ermənistandan 200-dən çox kütləvi məzarlığın yerinin açıqlanmasını gözləyirik”
- “Azərişıq” ASC-nin daha bir elektron xidməti “mygov” platformasında istifadəyə verilib
- EİB, IFC və OeEB “Bank Respublika”nın imtiyazlı səhmlərini əldə etdiklərini təsdiqləyiblər
- Ali məktəblərdə 4,6 milyon manatlıq MALİYYƏ POZUNTUSU AŞKARLANDI
- “Xocalı” gəmisi RINA təsnifat cəmiyyətinin nəzarəti ilə aralıq yoxlamadan uğurla keçib
- “DOST to DOST” layihəsi çərçivəsində könüllülərin İsmayıllıya infoturu təşkil olunub
- Gənc violin ifaçısı Əsma Məmmədli Carnegie Hall səhnəsində Azərbaycanı təmsil edib


