İlk dəfə 2009-cu ildə Londonda yaşayan bir qrup gənc tərəfindən keçirilən ev konserti qısa müddət sonra qlobal bir layihənin əsasını qoydu. “Sofar Sounds” adı verilən bu layihə bu gün dünyanın 80-dən çox ölkəsi olmaqla, 400-dən çox şəhərində fəaliyyət göstərir.
Adının açıqlaması “otaqdan gələn səslər” olan “Sofar Sounds” beynəlxalq musiqi hərəkatının məqsədi istedadlı ifaçılarla dinləyiciləri özünəməxsus səmimi bir mühitdə görüşdürməkdir. “Sofar Sounds” konsepti digər konsertlərdən fərqlənir. Belə ki, konsertin elanı verilən zaman musiqiçilər və konsertin keçiriləcəyi məkan barədə heç bir məlumat verilmir, yalnız zaman bəlli olur. Konsertdən 1 gün əvvəl məkan və musiqiçilər iştirakçılara bildirilir. Elə buna görə də “Sofar” yığıncaqları “gizli ev konsertləri” kimi də adlanır. Konsert zamanı hər kəs döşəmədə xalçalar üzərində əyləşir və diqqətini musiqiyə yönəldir.
Məlumat üçün bildirək ki, “Sofar Sounds” layihəsinin Azərbaycan üzrə rəsmi təmsilçisi Rəşad Nəzərlidir və layihə ölkəmizdə 2016-cı ildən bəri uğurla davam etdirilir.
Qeyri-kommersiya layihəsi olan “Sofar Baku” hər ay ev mühitini özündə birləşdirən fərqli məkanlarda keçirilir. Platformada indiyədək Rasim Müzəffərli, Şəhriyar İmanov, Cavan Zeynallı, Promete, Dihaj, Elvina, Vedad, Rapluvi The Half, Ahmedowsky Trio, DədəBaba, Darvish Band, AynaBand qrupu kimi istedadlı və sevilən musiqiçilər könüllü olaraq çıxış edib.
Növbəti konsert 28 aprel tarixində “Spring edition” adı altında baş tutacaq.
Layihə haqqında https://www.instagram.com/sofarbaku/ rəsmi instaqram səhifəsinə keçid edərək, ətraflı məlumat əldə edə bilərsiniz.
Sevinc Kərimova














